Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Hacıyev/
Sumqayıtda şəhərin inzibati ərazisində yaşıllıqların salınması, ağacların əkilməsi və aqrotexniki qulluq göstərilməsi ilə bağlı daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən cari ilin noyabr ayı ərzində 3300 ədəd ağac əkilib. Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə Sumqayıtın 2010-2011-ci illər qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirədə məlumat verilib.
Ağaclar şəhərin Ü.Hacıbəyov, Çerkassı, İ.Qayıbov, Niyazi və İnşaatçılar küçəsində, 12-ci mikrorayon ərazisində və Bakı-Quba yolunda əkilib.
2010-cu ilin əkin mövsümündə şəhər ərazisində kol və ağacların əkilməsi, yaşıllıqların salınması istiqamətində yerlər müəyyənləşdirilib, layihələr hazırlanıb. Əkin mövsümü ərzində şəhər ərazisində 26 600 ədəd ağac, 4000 ədəd kol əkilməsi və 1500 paqonmetr suvarma xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu məqsədlə şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunub.