Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaranmasının bir illiyi qeyd olunub. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan ATGTİ sədri Şahin İsmayılov təşkilatın bir illik fəaliyyətindən danışıb. O qeyd edib ki, bir il ərzində ATGTİ qaşıda qoyulan bütün məqsədlərə nail olub. Təşkilatlanma işi Azəbaycanın 39 ali təhsi ocağında aparılıb və hazırda təşkilatın 10 minə yaxın üzvü var.
İsmayılov qeyd edib ki, ATGTİ-nın idarə heyətinin qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafı, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması, istedadlı tələbələrin üzə çıxarılması və qiymətləndirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində göstərdiyi xidmətlərə görə və tələbələrin ictimai fəallığına verdiyi dəstəyə görə "Azərbaycan tələbələrinin dostu" mükafatına layiq görülüb.
Mükafatı Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov qəbul edib.
Aslanov öz çıxışı zamanı ATGTİ-nın üzvlərini 1 il münasibəti ilə təbrik edib.
"Bu bir il göstərdi ki, TGT-lər Azərbaycan həyatında mühüm yer tutan qurumlardır. Azərbaycan Prezidentin bir il öncə təşkilat yarandığı zaman təbrik məktub ünvanlaması, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həmin tədbirdə iştirak etməsi Azərbaycan dövləti tərəfindən gənclərə, tələbələrə verilən önəmin bariz nümunəsirdir." - Aslanov əlavə edib.
Öz növbəsində Azərbaycanın təhsil naziri Misir Mərdanov qeyd edib ki, 1 il təşkilat üçün qısa bir müddət olsa da bu qısa vaxt ərzində həmin sahədə mühüm işlər görülüb.
"Bu təşkilat tələbə və gənclərin təşkilatıdır. Azərbaycanda 120 mindən çox tələbə var. Bu böyük qüvvədir. Gənclər siyasəti Azərbaycan dövlətinin önəm verdiyi başlıca siyasətlərdəndir. ATGTİ-nın fəaliyyətində ölkənin bütün dövlət və ictimai strukturları maraqlı olmalıdırlar" - Mərdanov vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov da Təşkilatın yaranmasının bir illiyi münasibəti ilə təşkilat üzvlərini təbrik edib.
"Bu gün Azərbaycan gəncliyi də müasir dövrün aktual problemlərinin həlli istiqamətində birləşməlidirlər. Düşünürəm ki, ATGTİ bu istiqamətdə atılmış ən uğurlu addımdır. Gənclər təşkilatı Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təmin olunmasında töhfələr verə bilərlər. Ona görə də biz ATGTİ-nin fəaliyyətini gələcəkdə də dəstəkləməyə hazırıq." - Rəhimov qeyd edib.