...

Azərbaycan Milli Elmlər Akademiyası təhsil prosesində fasilə yaranmaması üçün hərbi xidmətdən möhlət verilməsini təklif edir

Cəmiyyət Materials 7 Yanvar 2011 14:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təhsil sistemində fasilə yaranmaması üçün gənclərə hərbi xidmətdən möhlət verilməsini təklif edir.
Azərbaycan Milli Elmlər Akademiyası təhsil prosesində fasilə yaranmaması üçün hərbi xidmətdən möhlət verilməsini təklif edir

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təhsil sistemində fasilə yaranmaması üçün gənclərə hərbi xidmətdən möhlət verilməsini təklif edir. Bu barədə AMEA-nın I vitse-prezidenti Arif Həşimov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

"Ali təhsildə fasilə bu sahənin geriləməsinə gətirib çıxarır. Məlum olduğu kimi, elmi tədqiqatlar bir-birilə zəncirvari bağlıdır. Həmin elmi tədqiqatlar zəncirinin bir halqası qopduqda, elmin inkişafı prosesi pozula bilər", - Həşimov bildirib.

Onun sözlərinə görə, ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən oğlanların hərbi xidmətə getməsi nəticəsində doktoranturaya qəbul olanların mütləq əksəriyyətini qızlar təşkil etmiş olur. "Lakin sonradan bu sahədə təhsilini davam etdirən qızların ailə qayğılarının artması tədqiqat işlərinin uzun müddət ləngiməsinə, hətta dayanmasına gətirib çıxarır. Beləliklə də, bu proses elmin və təhsilin inkişafına müəyyən mənada mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən də düşünürəm ki, bakalavrların və ya magistrların təhsillərini davam etdirməsi üçün onlara möhlət verilməsi elmin inkişafına böyük töhfə olardı", - AMEA-nın I vitse-prezidenti bildirib.

Azərbaycanın Təhsil Nazirliyi də "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklərin edilməsi barədə təklif hazırlayır.

Hazırda magistraturaya daxil olan bakalavrlar bu mərhələdə təhsillərini hərbi xidmət keçdikdən sonra davam etdirirlər.

Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna dəyişikliklər ediləcək. Bu barədə Parlamentin Təhklükəsizlik və müdafiə komitəsinin üzvü Səyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, qanunda xaricdə təhsil alan şəxslərin və doktorantların hərbi xidmətə çağırışı məsələsi öz əksini tapacaq.

"Hərbi xidmətə çağırışın əsasları haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti