...

Azərbaycanda bəzən yol patrul xidməti əməkdaşlarının vətəndaşları əsassız incitməsi faktlarının qarşısı alınmalıdır - nazir Ramil Usubov (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Yanvar 2011 13:37 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini bildirib.
Azərbaycanda bəzən yol patrul xidməti əməkdaşlarının vətəndaşları əsassız incitməsi faktlarının qarşısı alınmalıdır - nazir Ramil Usubov (ƏLAVƏ OLUNUB)

13-cü abzasdan sonra Ramiz Zeynalovun fikirləri əlavə olunub (ilk xəbər 12:48-də yayılıb)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini bildirib.

"Yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır", - Trend-in məlumatına görə, Usubov şənbə günü 2010-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

DİN-in Dövlət Yol Polisi İdarəsinin rəhbəri Ramiz Zeynalovun çıxışına münasibət bildirən nazir əlavə edib ki, sürücülər bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.

"Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilmələidir", - Usubov əlavə edib.

Ramiz Zeynalov çıxışında qeyd edib ki, il ərzində 965 mindən çox halda yol hərəkəti qaydaları pozulub.

Usubov bildirib ki, il ərzində yol hərəkəti qaydalarının 965 min dəfə pozulması narahatlıq doğurur.

"Bu, bizim aşkar etdiyimiz faktlardır. Bizim aşkar etmədiyimiz faktlar da var. Bu, vətəndaşların qanuna hörmətsizliyindən irəli gəlir", - nazir deyib.

Usubov Ramiz Zeynalova vətəndaşlarla bu sahədə maarifləndirmə işi aparılmasını və qanun pozuntularının sayının azaldılması ilə bağlı tapşırıqlar verib.

Zeynalov çıxışında bildirib ki, ötən il Nəsimi rayon yol polisi əməkdaşları 58 440 qayda pozuntusu, 1 074 sərxoş sürücü aşkar etdiyi halda, Bakının Yasamal, Nərimanov, Səbail, Xətai, Nizami rayonlarında yol polisi əməkdaşları 12 000 belə qayda pozuntusu, 200-dən artıq sərxoş sürücü aşkar edib.

Zeynalov onların fəaliyyətini tənqid edib və bildirib ki, ötən il bəzi istiqamətlərdə nöqsanların olması yol polisindən şikayət xarakterli müraciətlərin sayının artmasına səbəb olub, bu da narahatlıq doğurur.

Onun sözlərinə görə, bəzi yol polisləri qayda pozan sürücüləri yerində cərimələmək əvəzinə protokollar yazırlar. Bu isə vətəndaşların hüquqlarının pozulması ilə yanaşı, haqlı şikayətlərə səbəb olur.

"Bakının Yasamal, Sabunçu, Respublikanın Zərdab, Abşeron, Kürdəmir, Astara, Masallı, Ağsu və digər rayonlarda yol polislərinin ötən illər ərzində vətəndaşlardan yerində cərimə alma halları az olub", - Zeynalov deyib.

Avtomobillərə texniki baxış zamanı yol verilən nöqsanlardan danışan Zeynalov deyib ki, ötən il yol qəzalarının 51,6 faizi texniki parametrlərə cavab verməyən VAZ markalı avtomobillər tərəfindən törədilib və nəticədə 344 nəfər həlak olub.

Zeynalov bildirib ki, Oğuz, Ağsu, Siyəzən, Biləsuvar, Masallı, Şamaxı, Neftçala, Saatlı, Zərdab, Kürdəmir və digər rayonların yol polis şöbələri sərxoşluğa qarşı zəif mübarizə aparıblar.

İdarə rəisinin sözlərinə görə, hadisələrin 42,3 faizinin avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi halda, belə qayda pozuntularının aşkarlanması 15,6 faiz azalıb.

O, qeyd edib ki, Bakının Nizami və Xəzər rayonları istisna olmaqla, digər rayon polis şöbələrində, İsmayıllı, Qusar, Masallı, İmişli, Kürdəmir, Astara və digər rayon şöbələrində bu qayda pozuntularının aşkarlanmasına lazımi fikir verilməyib.

Zeynalov bildirib ki, Beyləqan, Şəki, Oğuz, Balakən və Şəmkir rayon yol polis şöbələrində avtomobillərin texniki baxışa cəlb olunmaları göstəricisi ümumrespublika üzrə göstəricilərdən aşağı olub.

İdarə rəisi sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə olunması, ötmə qaydalarının pozulması, piyadalar tərəfindən yol hərəkət qaydalarının pozulması istiqamətində aparılan işləri qənaətbəxş hesab etməyib.

Xəbər lenti

Xəbər lenti