...

Azərbaycanda gənclərin inkişafına dair 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramı hazırlanır - nazir müavini (MÜSAHİBƏ)

Cəmiyyət Materials 2 Fevral 2011 10:44 (UTC +04:00)
2 fevral 1996-cı ildən Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bu sahədə 15 ildə əldə olunmuş nailiyyətlər və qarşıda duran işlər barədə Trend-ə müsahibə verib.
Azərbaycanda gənclərin inkişafına dair 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramı hazırlanır - nazir müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir M.Əliyev/

2 fevral 1997-cı ildən Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bu sahədə 15 ildə əldə olunmuş nailiyyətlər və qarşıda duran işlər barədə Trend-ə müsahibə verib.

- Azərbaycanda gənclərin I Forumunun keçirilməsindən 15 il ötür. Bu əlamətdar hadisə ölkədə hansı tədbirlərlə qeyd olunacaq?

- Bu il 2 fevral - Gənclər Günü daha əlamətdardır, çünki bu tarixin meydana gəlməsi bilavasitə 15 il öncə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi ilə bağlıdır. Bu forum ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə keçirilmişdi və Azərbaycanın müasir ictimai-siyasi tarixində mühüm hadisəyə çevrildi. I Forumdan müstəqil Azərbaycanda gənclərlə bağlı dövlət siyasətində dönüş yarandı, bu siyasətə təkan verildi. 15 illik yubileylə əlaqədar il ərzində Azərbaycanda gənclərlə bağlı tədbirlər keçiriləcək. Bunlardan biri də Gənclərin VI Forumunun keçirilməsidir. Bu il həm də Azərbaycan dövlətinin müstəqilliyinin 20 illiyidir və forumda gündəliyə çıxarılacaq məsələlər məhz bu iki təqvimə bağlı olan məsələlərdir.

- Ötən 15 ildə Azərbaycan gənci necə dəyişib?

- Ötən 15 ilə qiymət verdikdə xüsusilə onu vurğulamaq lazımdır ki, Azərbaycan gənci ötən dövr ərzində həm daxilən, həm də xarici görünüş baxımından dəyişib. Müasir Azərbaycan gəncinin yeni həyat prinsipləri, prioritetləri formalaşıb. 1996-cı ildə I Forumun keçirildiyi zaman Azərbaycandakı mühitdə iqtisadi baxımdan qeyri-stabillik, ölkədə vətəndaş qarşıdurmasının qorxusunun mövcudluğu hiss olunurdu. Müxtəlif siyasi təşkilatlar çalışırdılar ki, gəncləri öz fəaliyyətinə cəlb etsinlər və öz maraqları üçün istifadə etsinlər. Məhz bütün o burulğanın içində Azərbaycanda gənclərin I Forumu keçirildi.

Bu gün, 15 il ötəndən sonra Azərbaycan gündən-günə artan iqtisadi qüdrəti ilə dünyanın siyasi xəritəsində mövcud olan bir dövlətdir, bu gün Azərbaycan gənci regionda lider olan bir dövlətin vətəndaşıdır. Onlar müxtəlif təşkilatlarda birləşib ölkədə həyata keçirilən layihələrdə
iştirak edir. Və bununla da cəmiyyətdə sadəcə müşahidəçi kimi qalmır, çalışır ki, müəyyən islahatlarda özü fəal iştirak etsin. Artıq Azərbaycan gənci üçün xaricdə təhsil almaq normal hala çevrilib. Yəni Azərbaycan gənci bu gün nəinki ölkə daxilində, beynəlxalq miqyasda da
tanınır - bizim gənclərimiz müxtəlif ölkələrdə sadəcə öyrənməklə kifayətlənmir, eyni zamanda təlimçi kimi iştirak edir, təşəbbüslərini irəli sürür. Dünyada 30-a yaxın beynəlxalq seçkili orqanda Azərbaycan gəncləri təmsil olunur.

- Azərbaycan gəncliyinin inkişafı istiqamətində gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Sözsüz ki, növbəti illər üçün də qarşıda bir çox vəzifələr durur. Başlıca vəzifə bu günədək əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və onları artırmaqdır. Bu gün Azərbaycan gəncinin hərtərəfli inkişafına yönəlmiş şərait yaradılmalı, gəncimiz istədiyi şəkildə keyfiyyətli təhsil əldə
etməli, daha sonra öz əldə etdiyi biliyə görə, əmək bazarının tələblərinə uyğun olaraq işlə təmin olunmalı, ailə qurmalı, öz asudə vaxtını istədiyi şəkildə, faydalı təmin etməyi bacarmalıdır. Bütün bunları təmin etmək üçün dövlətin siyasəti var. Misal üçün, gənclərin asudə vaxtının
təşkili sahəsində təkcə Bakıda deyil, regionlarda da infrastrukturun təkmilləşdirilməsinə ehtiyac var. Gənclərin intellektual inkişafına, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, məşğulluq sahəsində əmək bazarına uyğun yeni ixtisasartırma kurslarının keçirilməsinə
yönəlmiş fəaliyyətimizi daha da gücləndirməliyik. Azərbaycaycan gəncliyinə dair dövlət proqramı 2010-cu ildə bitdi və biz hazırda növbəti illər üçün işlədiləcək proqramı hazırlamağa başlamışıq. Bu proqramın icrasının 2011-2015-ci illəri əhatə etməsini nəzərdə tuturuq və istəyirik
ki, həmin dövlət proqramında bundan əvvəlki illərdə qəbul olunmuş dövlət proqramı ilə əldə etdiyimiz nailiyyətləri daha da yüksəldək. Hazırlanacaq dövlət proqramı dəfələrlə ictimai müzakirəyə çıxarılacaq ki, gənclər özləri bu proqramın ərsəyə gətirilməsində iştirak etsinlər, öz
ideyalarını ortaya qoysunlar.

- Ölkədə gənclər siyasətinin daha dinamik həyata keçirilməsi üçün qanunvericilik bazasında hansı dəyişikliklərə ehtiyac var?

- Qanunvericilik bazası hər zaman təkmilləşir. 2002-ci ildə Azərbaycanda gənclər haqqında qanun qəbul olundu, 2007-ci ildə həmin qanuna kifayət qədər əlavə və dəyişikliklər olundu. Şübhəsiz ki, növbəti illərdə qanunvericilik sahəsində təkmilləşmə, dəyişikliklər, əlavələr ola bilər və gənclərin maraq və istəyini nəzərə alaraq yeni qanunlar, yaxud gənclərlə iş istiqamətində hansısa normativ sənədlər qəbul edilə bilər.

- 2011-ci ildə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün hansı həcmdə vəsait ayrılacaq?

- İctimai Şuranın 1 fevralda keçirilən iclasında gənclər təşkilatlarının 40 layihəsi qalib elan olundu və bu layihələrin maliyələşməsi üçün 305 min manat vəsait ayrılıb. Bu, ötən il elan olunmuş müsabiqənin nəticələri idi. Yaxın 1-2 ay ərzində biz növbəti müsabiqəni elan edəcəyik
və inanıram ki, ilin sonuna qədər təxminən eyni sayda layihələrin icrası nəzərdə tutulacaq.

- Gənclər və İdman Nazirliyi gənclər arasında narkomaniya probleminin həlli üçün hansı işləri görür?

- Dünyanın bütün yerlərində olduğu kimi Azərbaycanda da narkomaniya problemi, bundan irəli gələn neqativ hallar mövcuddur. Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumlar əlaqəli şəkildə gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və ən əsası onların bu sahəyə yönəlməməsi üçün profilaktik işlər görmək üçün daim müxtəlif layihələr həyata keçirir. Narkomanların müalicəsi vacibdir, lakin gəncləri narkotik maddələrin istifadəsindən çəkindirmək narkotik istifadəçilərini normal həyata qaytarmaqdan daha asandır. Sağlam idman mühiti, asudə vaxtın səmərəli təşkilinə yönəlmiş layihələrlə gəncləri o işlərdən qorumaq daha əlverişlidir.

Xəbər lenti

Xəbər lenti