...

İordaniyada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2011 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bazar günü Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümünün qeyd edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib. İordaniyanın iyirmiyə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq Xocalı faciəsinə gətirib çıxarmış səbəblər və qətliamın təfsilatları haqda məlumat verib. Bu barədə Trend-ə Azərbaycanın Iordaniya Haşimilər Krallığındakı Səfirliyindən bildiriblər.

Bu faciə nəticəsində 613 dinc Azərbaycan vətəndaşının amansızca qətlə yetirildiyini və yüzlərlə şəxsin itkin və didərgin düşdüyünü söyləyən səfir sonra sözü tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Ş.Sayılova verib.

Ş.Sayılov mediya mənsubları qarşısında çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş cinayət faktları, o cümlədən ölkəmizə dəymiş maddi-mənəvi zərər, əsir-girov və itkinlər problemi barədə məlumatlar vermişdir. Sonra səfir və Dövlət Komissiyasının katibi jurnalistləri və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar. Tədbir iştirakçılarına bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto və video materiallar, filmlər, səfirliyin bəyanatı paylanılıb.

Səfir E.Araslı bildirmişdir ki, bu il Xocalı faciəsinin ildönümü İordaniyada geniş şəkildə qeyd edilməkdədir. Əsas məqsədin soyqırım həqiqətlərinin İordaniyanın rəsmi və qeyri-rəsmi dairələrinin nümayəndələrinə, sıravi vətəndaşlarına çatdırılmasından ibarət olmasını qeyd edən səfir, səfirliyin bu məqsədlə təsdiq etdiyi tədbirlər planına əsasən 20-26 fevral tarixlərinin Xocalı həftəsi elan edilməsi, səfirliyin ölkədə yayılmaq məqsədilə müvafiq bəyanat çıxarması, mövcud olan əyani vəsaitləri çoxaldaraq müxtəlif dairələrə paylaması, KİV-lərlə sıx əməkdaşlıq nəticəsində geniş oxucu və teleradio izləyicilərinə çıxış əldə etməsi barədə məlumat vermişdir. O, İordaniya Radio və Televiziya Korporasiyasının Baş direktoru ilə görüş keçirərək bu günlərdə mərkəzi televiziya ilə yayımlanması məqsədilə müvafiq diskləri və materialları təqdim etmişdir.
Bundan əlavə, İordaniyanın Senatının sədri, bir sıra nüfuzlu senatorlarla və deputatlarla, İordaniyanın Baş müftisi ilə görüşlər keçirilmiş və bu mövzuda onlarla söhbətlər edilmişdir. Görüşlər zamanı, Senatın sədri T.Masrinin himayəsi altında İordaniyanın nüfuzlu və elitar Kral Hüseyn klubunda əsasən Xocalı hadisələrinə həsr olunmuş geniş formatlı tədbirin keçirilməsinə razılıq əldə edilmişdir. Klubun zallarında sərgi təşkil ediləcək və tədbir iştirakçılarına müxtəlif foto- və videomateriallar, kitab və digər çap materialları təqdim olunacaqdır.

Tədbirdə Kralın Divanının yüksək vəzifəlilərinin, nazirlərin, nüfuzlu siyasi-ictimai xadimlərin, işgüzar dairələrin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan icmasının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bundan əlavə, səfirlik bu günlərdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin ildönümü çərçivəsində daha bir tədbir təşkil edəcək. Tədbirdə Cəmiyyətin idarə heyətinin üzvləri və aktivistləri, Azərbaycan icmasının nümayəndələri iştirak edəcəklər. Hər iki tədbirdə iştirak etmək üçün İordaniyada səfərdə olan AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti tədbirlərin işinə öz çıxışları və gətirdiyi materiallarla töhfə verəcəklər.

Qeyd edilməlidir ki, İordaniyanın Baş müftisi ilə söhbət zamanı səfir Xocalı faciəsinin 25.02.2011 tarixində ölkədə səsləndiriləcək Cümə xütbələri zamanı anılmasını təklif etmiş və təklif İordaniya tərəfindən anlayışla qarşılanmışdır.

Xəbər lenti

Xəbər lenti