...

Azərbaycanda prokurorluq işçilərinə mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb

Cəmiyyət Materials 21 Fevral 2011 17:55 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yaşayış binalarının inşası nəzərdə tutulub.
Azərbaycanda prokurorluq işçilərinə mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda prokurorluq işçilərinə mənzil tikintisi üçün Bakı şəhərində toqpaq sahəsi ayrılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yaşayış binalarının inşası nəzərdə tutulub.

Dövlət Proqramının həmin müddəasının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişdiyi 2942 A saylı məhəllədə 4 bloklu, 17 mərtəbəli, 208 mənzilli yaşayış binalarının tikintisi üçün 0,59 ha torpaq sahəsi Baş Prokurorluğun daimi istifadəsinə verilib.

Baş Prokurorluq bəzi KİV-lərdə fevralın 20-də "Prokurorluğun 250 işçisinə "atıb"lar" sərlövhəli məqalədəki məlumatları həqiqətəuyğun olmayan, böhtan xarakterli məlumat kimi qiymətləndirir.

Həmin məqaləni prokurorluq orqanlarının fəaliyyətinə kölgə salmağa xidmət kimi dəyərləndirən Baş Prokurorluq məlumatları təkzib edir.

Bildirilib ki, həmin yaşayış binalarının kooperativ əsaslarla inşası istiqamətində zəruri tədbirlər həyata keçirilməklə prokurorluq işçilərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə "Qayğı" mənzil-tikinti kooperativi təsis edilib.

Qeyd edilən yaşayış bunalarının eskiz layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılarkən binanın 4-cü blokunun qonşuluğunda yerləşən mövcud 9 mərtəbəli yaşayış evindəki mənzillərin insolyasiya normasının (günəş işığının mənzillərə maneəsiz daxil olması) pozulmasına səbəb olması müəyyən edilib.

Həmin səbəbə görə, eyni zamanda qeyd edilən 9 mərtəbəli yaşayış binasının sakinlərinin şikayətləri nəzərə alınaraq binanın tam yeni layihəsi hazırlanır. Həmin layihə hazırlanaraq müvafiq qaydada təsdiq olunduqdan sonra kooperativ tərəfindən açıq tender elan olunacaq və tenderdə qələbə qazanan şirkət tərəfindən binanın inşasına başlanılacaq.

Prokurorluq işçiləri tərəfindən kooperativin üzvlüyündən azad olunması və ya ödənilmiş vəsaitin geri qaytarılması ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyinə, həmçinin kooperativə hər hansı bir şikayət daxil olmayıb. Kooperativin üzvləri tərəfindən ödənilmiş pul vəsaitləri tam məbləğdə kooperativə xidmət göstərən kredit təşkilatının bank hesabındadır.

Xəbər lenti

Xəbər lenti