...

Azərbaycanda narkomaniyaya qarşı geniş mübarizə elan edilib

Cəmiyyət Materials 16 Mart 2011 14:32 (UTC +04:00)
Azərbaycanda narkomaniyaya qarşı geniş mübarizə elan edilib.
Azərbaycanda narkomaniyaya qarşı geniş mübarizə elan edilib

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda narkomaniyaya qarşı geniş mübarizə elan edilib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Baş nazirin müavini, Narkomaniya və Narkotiklərin Qanunsuz Qövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Dövlət komissiyası tərəfindən ictimaiyyətə müraciət olunacaq.

"Narkobiznes vəzifəli şəxsləri cəlb edir, bu səbəbdən bu kimi problemləri bütövlükdə narkokorrupsiya kimi qiymətləndirmək lazımdır. Korrupsiyaya qarşı olduğu kimi, ölkədə narkomaniyaya qarşı da mübarizə çox ciddi şəkildə gücləndirilməlidir", - Həsənov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə bu istiqamətdə işlər aktivləşdirilsə də, onlar daha da genişləndirilməlidir.

Baş nazirin müavini, həmçinin qeyd edib ki, ölkədə narkomanların sayı yenidən dəqiqləşdirilməlidir, çünki hazırkı rəqəm reallığı əks etdirmir.

Hazırda Azərbaycanda 25 489 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının çərşənbə günü 2010-cu il fəaliyyətinin yekunları ilə bağlı iclası keçirilib.

İclasda təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, nazirlik tərəfindən ötən il sərhədyanı ərazilərdə şagird və tələbələr arasında maarifləndirmə tədbirləri keçirilib. Qasımov onu da qeyd edib ki, narkomaniya ilə mübarizə üçün məktəbdənkənar mərkəzlərə diqqət artırılmalıdır, onların şəbəkəsi genişləndirilməlidir.

"Gənclər bu dərnəklərə cəlb olunmaqla pis vərdişlərdən yayındırılmalıdırlar", - Qasımov bildirib.

İclasda Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı bildirib ki, ötən il Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələri dövlət sərhədindən keçirməyə cəhd göstərən 130 nəfərdən (95 nəfər Azərbaycan, 33 nəfər İran, 1 nəfər Özbəkistan, 1 nəfər Gürcüstan vətəndaşı) 235 kq-dan çox narkotik vasitə aşkar edərək götürüblər.

Muradlının sözlərinə görə, Azərbaycanın cənub sərhədlərində ölkəyə narkotik təcavüzü səngimir.

Xəbər lenti

Xəbər lenti