...

Azərbaycanda "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" adlı beynəlxalq tədbir keçiriləcək

Cəmiyyət Materials 17 Mart 2011 16:59 (UTC +04:00)
AEGEE-Bakı (Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi) tərəfindən 15-22 mart tarixlərində "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" adlı beynəlxalq tədbir təşkil ediləcək.
Azərbaycanda "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" adlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

AEGEE-Bakı (Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi) tərəfindən 15-22 mart tarixlərində "Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2011" adlı beynəlxalq tədbir təşkil ediləcək.

Trend-in Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, GİN-in dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda, mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir.

Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin, ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ("dözümlülük", "yerli adət və ənənələr və qloballaşma", "müasir dünyada mədəniyyət", "musiqi özünüifadə üsulu kimi" və s.) müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı əldə edəcəklər.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Hər il martın 20-21-də Azərbaycanda Novruz bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti