...

Azərbaycanın 10 avarçəkəni Olimpiya oyunlarına iddialıdır

Cəmiyyət Materials 27 Aprel 2011 17:39 (UTC +04:00)
Kayak və kanoe üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası mayın 5-də Polşanın Poznan şəhərinə yollanacaq.
Azərbaycanın 10 avarçəkəni Olimpiya oyunlarına iddialıdır

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Hacıyev/

Kayak və kanoe üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası mayın 5-də Polşanın Poznan şəhərinə yollanacaq. Trend-in Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibində 10 idmançı yer alacaq.

Bunlar kayakçılar Natalya Fiklisova, Mirnazim Cavadov, Rüfət Vəlizadə, Tamerlan Mustafayev, kanoeçilər Valentin Demyanenko, Adnan Əliyev, Sergey Bezuqlıy, Maksim Prokopenko, Andrey Kraytor və Boqdan Kurudzdur. Təmsilçilərimizin ilk sınağı mayın 6-da Polşanın Poznan şəhərində start götürəcək Dünya Kubokunun I mərhələsi olacaq. Üç gün davam edəcək yarışda millimiz əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə mübarizə aparacaq.

Ardından kayak və kanoeçilərimiz Polşada qalaraq, daha 3 nüfuzlu yarışa hazırlıq məqsədilə təlim-məşq toplantısı keçəcəklər. Həmin yarışlar 27-29 mayda Almaniyanın Duysburq şəhərində təşkil ediləcək Dünya Kubokunun III mərhələsi, 17-19 iyunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı, 17-21 avqustda Macarıstanın Seqed şəhərində baş tutacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı olacaq. Kayak və kanoeçilərimiz, eyni zamanda, 1-4 sentyabrda Böyük Britaniyanın Eton şəhərində London Olimpiadası öncəsi test yürüşündə qüvvələrini sınayacaqlar.

Əsas hədəf Azərbaycanın müstəqillik tarixində ilk dəfə kayak və kanoe növləri üzrə olimpiadaya lisenziyalar qazanmaq və gələn il Londonda daha çox idmançı ilə təmsil olunmaqdan ibarətdir. 4 ayadək davam edəcək səfər məhz bu hədəfə çatmaq üçün təşkil olunub.

Xəbər lenti

Xəbər lenti