...

Litvada istirahətin keyfiyyət və qiymət nisbəti optimaldır - Turizm Departamentinin baş direktoru

Cəmiyyət Materials 2 May 2011 16:20 (UTC +04:00)
Litva Nerinqa, Palanqa, Druskininkay kimi kurort regionlarında mədəni-tarixi, SPA və tibbi turizm hesabına azərbaycanlı turistlərin sayını artırmaq fikrindədir.
Litvada istirahətin keyfiyyət və qiymət nisbəti optimaldır - Turizm Departamentinin baş direktoru

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir S.Ağayeva/

Litva Nerinqa, Palanqa, Druskininkay kimi kurort regionlarında mədəni-tarixi, SPA və tibbi turizm hesabına azərbaycanlı turistlərin sayını artırmaq fikrindədir.

Litva gec də olsa, ölkəyə azərbaycanlı turistlərin cəlb edilməsi ilə ciddi şəkildə məşğul olmağa, iki ölkənin turizm operatorları arasında əməkdaşlığı genişləndirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Litvanın Dövlət Turizm Departamentinin baş direktoru Raymonda Balnene ölkənin turizm imkanlarının təqdimatı zamanı bildirib.

"Hazırda Azərbaycandan Litvaya turizm axınının səviyyəsi çox aşağıdır, lakin Litva şirkətləri Azərbaycanın turizm operatorlarını Litvada işləməyə cəlb etmək üçün ciddi çalışmaq fikrindədirlər", - Balnene deyib.

"Litvanın Azərbaycandakı səfirliyi Litva və Azərbaycan şirkətlərinə kömək etməyə hazırdır. Səfirliyin konsul şöbəsi vizanın rəsmiləşdirilməsi üçün bütün sənədlərin qaydasında olacağı halda, gün ərzində Azərbaycan vətəndaşlarına viza verməyə hazırdır", - səfir Kestutis Kudzmanas bildirib.

Bu gün Litvada turizm sektoru fəal şəkildə inkişaf edir, turizmdən gəlirlər ölkə ÜDM-nin 4,4 faizini təşkil edir.

Statistikaya görə, ötən il ölkəyə 1,5 milyon turist gəlib.

Balnene Litvada turizmin inkişaf istiqamətlərini 4 yerə ayırıb - müalicə və SPA-turizm, mədəni, aktiv və işgüzar.

O bildirib ki, Litvada istirahətin keyfiyyət və qiymət nisbəti optimaldır.

Vilnüsün "Kardiolita" Kardiocərrahiyyə Mərkəzinin və Palanqadakı "Energetikas" sanatoriyasının nümayəndələri öz turizm məhsullarını təqdim ediblər.

Litvada bu ilin əsas hadisəsi basketbol üzrə Avropa çempionatı, Kaunasda beynəlxalq Hanza günləri, böyük yelkənli gəmilərin "Mədəniyyət-2011" yarışıdır.

Basketbol çempionatı Litvada xüsusi maraq doğurur. Belə ki, ötən il gənc Litva millisi dünya birinciliyinin bürünc mükafatını qazanıb, bu dəfə hamı onun "qızıl" medala sahib olacağına ümid edir. Avropa çempioantı avqustun 31-dən sentyabrın 18-dək Litvanın beş şəhərində - Vilnüs, Kaunas, Şaulyay, Panevejis və Alitusda keçiriləcək.

Mayın 19-dan 22-dək Kaunasda beynəlxalq Hanza günləri keçiriləcək. Bu bayram ənənəyə çevrilib və 1980-ci ildən Hanza İttifaqının müxtəlif şəhərlərində keçirilir. Orada iştirak etmək üçün Avropanın 15 ölkəsindən nümayəndələr gəlir. Onların hər biri öz pavilyonunu açır. Proqramda orta əsrlər yarmarkası, gül, pendir, balıq bazarları, karnaval, cəngavər turniri, köhnə avtomobillər festivalı "Hava şarlarının rəqsi" və rəqs üzrə gecə ustad dərsləri keçiriləcək. Litvalıların sevimli idman növü basketbol və at idmanı da yaddan çıxmayacaq. Çimərlikdə yoqa və aerobika üzrə ustad dərsləri, voleybol yarışları keçiriləcək.

Böyük yelkənli gəmilərin "Mədəniyyət-2011" yarışı avqustun 18-dən 21-dək Klaypeda akvatoriyasında keçiriləcək. Yaxtaların yarışından əlavə, bu vaxt şəhərdə müxtəlif mədəni tədbirlər və konsertlər də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti