...

DSMF: Azərbaycanda artımlar əlilliyə, yaşa və ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçıları əhatə edəcək

Cəmiyyət Materials 10 İyun 2011 12:09 (UTC +04:00)
Azərbaycanda artımlar əlilliyə, yaşa və ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçıları əhatə edəcək
DSMF: Azərbaycanda artımlar əlilliyə, yaşa və ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçıları əhatə edəcək

Azərbaycan, Bakı, 10 uyun /Trend, müxbir A.Axundov/

Prezident İlham Əliyev "Əmək pensiyaları" haqqında Qanuna təklif olunan dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər 2006-cı il yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması məsələsini özündə əks etdirir. Qanuna təklif olunan əlavədə bildirilir ki, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanır. Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaqdır. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dək pensiyaya çıxanların pensiyaları arasındakı fərq bağlanacaq. Bununla bağlı suallarımızı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev Trend-in suallarını cavablandırır.

- Daha aydın olsun deyə yenidən hesablamanı konkret misallarla göstərərdiniz?

- Məsələn, yaşa görə 1995-ci ildə pensiyaya çıxmış və ümumi stajı- 38 il olan təhsil işçisinin pensiyası 85 manatdan 158,72 manata (Staj 38 il x1,94=73,72; 73,72 +85=158,72 manat) çataçaq. Yaxud yaşa görə 1993-cü ildə pensiyaya çıxmış ümumi stajı 40 il olan səhiyyə işçisinin pensiyasının məbləği 85 manatdan 162,60 manata (Staj 40 il x1,94=77,60; 77,60 +85=162,60 manat), yaşa görə 1992-ci ildə pensiyaya çıxmış ümumi stajı 44 il olan kitabxana işçisinin pensiyanın məbləği 85 manatdan 170,36 manata (Staj 44 il x1,94=85,36; 85,36 +85=170,36 manat) çatdırılacaq.

- Bu artım, məsələn, 40 il stajla 2006-cı ildən əvvəl pensiayaya çıxmış çoxuşaqlı analara da şamil olunacaqmı?

- Bəli. Artımlar istər əlilliyə, istər yaşa, istərsə da ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçıları əhatə edəcək. Ümumilikdə qeyd olunduğu kimi, iyul ayının 1-dən təqribən 845 min nəfərin pensiyası təqribən 40 faizə qədər artacaqdır. Artımın məbləği stajın az və ya çox olmasından asılı olacaq. Kimin stajı çoxdursa, onun pensiyasında artım daha çox olacaq. Artımların maliyyələşdirilməsi üçün illik təxminən 390 milyon manat büdcə vəsaiti sərf olunacaqdır.

- Yenidən hesablama zamanı alınan məbləğ vətəndaşın indi aldığı pensiyadan az olsa hansı addım atılacaq?

- 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Əsas məqsəd çoxillik iş stajına malik olmasına baxmayaraq əməkhaqlarının aşağı olması səbəbindən az məbləğlə pensiya alan şəxslərin təminatının yaxşılaşdırılmasıdır.

- Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyasının baza hissəsinə əlavələr olunacağı da nəzərdə tutulur. Bu əlavələr hansı məbləğdə olacaq?

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əlavə edilməsi üçün müvafiq təkliflər Milli Məclisin müzakirəsinə təqdim olunub. Qanundakı bu dəyişikliyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya tədris müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə əlavələr ediləcəkdir. Qeyd olunan kateqoriyadan olan pensiyaçıların pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanması nəzərdə tutulur. Artımlar təxminən 5960 nəfər pensiyaçıya şamil olunacaqdır. Onlardan 1460 nəfəri elmlər doktoru, 4500 nəfərə yaxını isə elmlər namizədidir. Qanuna edilən dəyişikilik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək və dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaqdır.

- Artımları vaxtında həyata keçirmək mümkün olacaqmı?

- Hazırda DSMF tərəfindən bu məqsədlə sürətlə hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama 01.01.2010-cu ilədək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir. Bu, Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez başa çatdırılmasını hədəfləyib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verəcəkdir.

Xəbər lenti

Xəbər lenti