Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda kifayət qədər donor olsa da, onların sayının artırılmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev bildirib.
Onun sözlərinə görə, başqa ölkələrlə müqayisədə Azərbaycanda donorların sayı azdır. Hazırda ölkədə donorların sayının artırılması üçün iş aparılır.
"Mərkəzi Qan Bankından hər gün müxtəlif yerlərə 100-ə yaxın qan vahidi buraxılır. Regionlarda da göstərici bu rəqəmə yaxındır. Ehtiyatda həmişə 200-300 qan vahidi olur. Heç vaxt "qan yoxdur" demirik. Amma təcrübəmiz göstərir ki, problem yaranmaması və tələbatın ödənilməsi üçün donorların sayını artırmaq lazımdır", - Hacıyev deyib.
İnstitut direktorunun sözlərinə görə, bəzən qan üçün müraciətlərin sayı artır. Belə hallarda müxtəlif qanköçürmə məntəqələrinin yardımı ilə problem həll edilir.
Hacıyev deyib ki, qan daha çox irsi qan xəstəliyi olanlara lazım olur. Travmatologiya, mamalıq-ginekologiya sahəsində də qana ehtiyac yaranır.
Həkimin sözlərinə görə, müvafiq qurumlarla iş aparmaqla dünyada qan tədarükü sahəsində tətbiq olunan müasir üsullardan Azərbaycanda da istifadə edilməsinə calışılır.
Hacıyev xəstələrin Qan Bankından verilmiş qanla yoluxucu xəstəliklərə yoluxması halının baş vermədiyini də söyləyib. O əlavə edib ki, Qan Bankının qanları yoxlamadan keçirilir. Ona görə də institut onun keyfiyyətinə təminat verir.