...

Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Cəmiyyət Materials 17 İyun 2011 16:36 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün keçirdiyi görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan və Gürcüstan təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə bu gün keçirdiyi görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüşdə Mərdanov Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklərin hazırlanması məsələsinə toxunub və azərbaycanlı mütəxəssislərin bu işdə yaxından iştirak etməsi təklifini irəli sürüb. Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərində aparılan əsaslı təmir və tikinti işlərinə lazımi kömək göstərməyə hazır olduqlarını da qeyd edib.

Şaşkin bildirib ki, Gürcüstanda bu il I-VI, gələn tədris ilində isə VII-XI siniflər üçün Azərbaycan dilində dərsliklərin hazırlanması nəzərə tutulur.

Görüşdə Gürcüstanda yerləşən Azərbaycan məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, gələcəkdə birgə fənn olimpiadalarının təşkil olunması, Azərbaycanda gürcü dilinin, Gürcüstanda isə Azərbaycan dilinin tədrisi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mərdanov Gürcüstanda Azərbaycan, Azərbaycanda isə gürcü tarixi və coğrafiyasının öyrənilməsi ilə bağlı birgə vəsaitin hazırlanması, orta məktəblərdə fakültativ kursların təşkil olunması ilə bağlı təklif irəli sürüb.

Gürcüstanın təhsil naziri bu məsələ ilə bağlı lazımi addımlar atmağa hazır olduğunu və bununla bağlı komissiya yaradılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti