Azərbaycan, Bakı, 22 iyun /Trend/
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir. Bunu çərşənbə günü Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev deyib.
Dövlət qulluqçusu kimi pensiya alanların 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır.
Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.
2011-ci il aprelin 1-nə olan vəziyyətə görə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunub. Artıq altıncı ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.
Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.