Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda iyun ayının ilk yarısında ekoloji qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərə1,4 milyon manat məbləğində cərimə tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilib.
Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılmış araşdırma zamanı yol verilmiş qanun pozuntularına görə 94 akt və 8 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 85 müddətli məcburi göstəriş verilib.
Ətraf mühitə dəymiş ziyanla bağlı 14 iş üzrə 3250 manat məbləğində iddia qaldırılıb, əmələ gələn tullantıların ətraf mühitə atılmasına (axıdılmasına) görə idarə və müəssisələrə 11276 manat məbləğində ödəmə tətbiq edilib.