...

Azərbaycanda jurnalistikanın keyfiyyətini qaldırmaq üçün məyyən tələblər qoymaq olar - TQDK sədri

Cəmiyyət Materials 1 İyul 2011 13:41 (UTC +04:00)
Azərbaycanda jurnalistikanın keyfiyyətini qaldırmaq üçün işə və yaradıcılıq ittifaqlarına qəbul zamanı müəyyən tələblər qoymaq olar.
Azərbaycanda jurnalistikanın keyfiyyətini qaldırmaq üçün məyyən tələblər qoymaq olar - TQDK sədri

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda jurnalistikanın keyfiyyətini qaldırmaq üçün işə və yaradıcılıq ittifaqlarına qəbul zamanı müəyyən tələblər qoymaq olar. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri hesab edir ki, belə ixtisaslar üzrə mütəxəssis hazırlığının bakalavr pilləsindən daha çox magistratura pilləsində aparılması daha məqsədəuyğun olar. Çünki ali məktəblərə yeni daxil olan bakalavrlar ilk illərdə hələ yaradıcılıq istiqamətlərini düzgün müəyyənləşdirə bilmirlər.

Abbaszadə rus bölməsi məzunlarının Azərbaycan dili fənnindən verdiyi imtahanın nəticələri barədə də danışıb.

Onun sözlərinə görə, bu imtahanda yalnız 936 abituriyent "məqbul" qiyməti alıb.

"Valideynlər şikayətlər edirlər ki, onların uşaqları Azərbaycanda deyil, Rusiyada yaşayıb. Amma azərbaycanlıdırlar. Ana dilini bilmək Azərbaycanda oxumaq üçün əsas tələbdir. İngiltərədə oxumaq üçün ingilis dilindən imtahan vermək lazımdır. Sonra isə sənədlər qəbul olunur. Orada nəyi isə əsas gətirib "mən hələ ingilis dilini bilmirəm, amma siz məni ali məktəbə qəbul edin" deməyi qəbul etmirlər. Azərbaycanda isə bəziləri hesab edirlər ki, uşaq Azərbaycan dilini bilməsə də, o, məktəbə qəbul olunmalıdır. Amma bu, mümkün deyil", - Abbaszadə deyib.

O əlavə edib ki, rus bölməsinin məzunları üçün Azərbaycan dili fənni üzrə qoyulan tələblər də çox yüksək deyil.

"Onlar imtahanda verilən mətnə dair sualları cavablandırmalıdırlar. Bu imtahanda sualların yarısı belə formadadır, qalanları isə qrammatika ilə bağlıdır. İmtahanda abituriyent 15 suala düzgün cavab veribsə, o, artıq "məqbul" qiyməti ala bilir", - TQDK sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti