...

Azərbaycanda peşə məktəblərinə müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib

Cəmiyyət Materials 5 İyul 2011 15:07 (UTC +04:00)
Azərbaycanda peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib.
Azərbaycanda peşə məktəblərinə müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib.

Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Trend-ə bildirib ki, bu ildən müəllimlər peşə məktəblərinə yeni qaydalarla işə qəbul ediləcəklər.

Peşə məktəblərində ümumtəhsil fənləri üzrə müəllim işləmək istəyənlər artıq orta məktəblərdə olduğu kimi, 3 mərhələli müsabiqədən keçməklə işə qəbul olunacaqlar.

I mərhələdə müsabiqədə iştirak etmək üçün elektron ərizə vermiş namizədlərin təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndiriləcək. Müsabiqənin II mərhələsində namizədlər üçün test imtahanı, III mərhələsində isə müsahibə keçiriləcək.

Vakansiyaların avqust ayı ərzində elan edilməsi, sentyabrın əvvəlində isə test imtahanın keçirilməsi nəzərdə tutulur.
Peşə məktəblərinə mühəndis-pedaqoji işçi kimi qəbul olunmaq istəyənlər üçün isə yalnız müsahibə keçiriləcək. Müsahibə Təhsil Nazirliyində yaradılmış xüsusi işçi qrupu tərəfindən aparılacaq.

Məmmədov deyib ki, ümumtəhsil fənləri üzrə müəllim yerləri ilə bağlı vakansiya çox olmasa, müəllimlərin işə qəbulu üçün başqa üsuldan da istifadə edilə bilər.

"Əgər vakansiyanın sayı az olarsa, biz orta məktəblərə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqədə uğur qazanmış şəxslərin peşə məktəblərində ümumtəhsil fənləri üzrə dərs saatları ilə təmin edilməsi məsələsini müzakirə edə bilərik. Vakansiyalar üzrə işçi tapa bilmədikdə isə kadr təminatı üçün ali və orta ixtisas təhsili müəssisələrinə müraciət edəcəyik", - Məmmədov qeyd edib.

Nazirlik rəsmisi deyib ki, ilkin məlumatlara görə, ümumtəhsil fənləri üzrə vakant müəllim yerlərinin sayı təxminən 40-50, mühəndis-pedaqoji işçilər üzrə vakant yerlərin sayı isə 100-ə yaxındır.

Onun sözlərinə, əgər dövlət müəssisələrində çalışan şəxslərin yuxarı yaş həddinin 65 olması ilə bağlı müvafiq qərarın icrasına başlanılsa, onda vakant yerlərin sayı daha çox ola bilər.

Xəbər lenti

Xəbər lenti