...

Ordudakı korrupsiya ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb - Müdafiə Nazirliyi

Cəmiyyət Materials 15 İyul 2011 17:50 (UTC +04:00)
Müdafiə Nazirliyi bir neçə zabitin ordudakı korrupsiya faktları ilə bağlı açıqlamalarına münasibət bildirib.
Ordudakı korrupsiya ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Müdafiə Nazirliyi bir neçə zabitin ordudakı korrupsiya faktları ilə bağlı açıqlamalarına münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, baş verənlərin yerində araşdırılması üçün nazirliyin Tərbiyəvi İşlər üzrə İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Bir neçə gün əvvəl Azərbaycanın N saylı hərbi hissəsinin bir neçə zabit və giziri xidmət etdikləri hərbi hissədə korrupsiya faktlarının olması ilə bağlı videomüraciət yayıblar. Zabitlər onların əməkhaqlarının hesabına hərbi hissədə təmir işlərinin aparıldığını bildiriblər.

Sabiroğlu qeyd edib ki, baş verən hadisələrin yerində araşdırılması zamanı bir sıra faktlar ortaya çıxıb.

"Qasımov Ramin Əliağa oğlu öz tabeliyində olan 2 əsgəri vəzifə borclarını yerinə yetirərkən döyüb. İyulun 4-də Füzuli Qarnizonu Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 331.3-ci maddəsi ilə cinayət işi başlanıb. Kapitan Ramin Qasımov isə hərbi hissə komandanlığına xəbərdarlıq edərək qisas alacağını deyib", - Sabiroğlu əlavə edib.

Polkovnik Sabiroğlu hesab edir ki, kapitan Qasımovun əxlaqında problemlər var.

"O, Azərbaycan zabitinə yaraşmayan hərəkətlər edib. Şəxsi əşyalarının içində çoxlu sayda spirtli içki, hətta sulu qəlyan belə aşkar olunub", - o vurğulayıb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, leytenant Əsgərov Əsgər və gizir Rzayev Şahlar kapitan Qasımov tərəfindən aldadılaraq çəkilişə cəlb ediliblər.

"Həmin hərbçilər izahatlarında bu məsələyə ətraflı aydınlıq gətiriblər", - Sabiroğlu qeyd edib.

O deyib ki, kapitan Qasımov hazırda hərbi hissədə xidmətini davam etdirir və cinayət işinin nəticəsində uyğun olaraq müvafiq tədbir görüləcək.

Sabiroğlu onu da bildirib ki, videoçəkilişlə bağlı hələ cinayət işi qaldırılmayıb, prokurorluq orqanları tərəfindən araşdırılır.

O, zabitlərin məvacib kartlarının mülki şəxslərdə girov saxlanılmasına da aydınlıq gətirib.

"Mən orada olduğum müddətdə apardığım araşdırmada belə faktla rastlaşmadım. Müdafiə Nazirliyi kifayət qədər vəsait ödəyir ki, hərbi birləşmələrin maddi-texniki təminatı həyata keçirilsin", - Sabiroğlu deyib.

Xəbər lenti

Xəbər lenti