...

Azərbaycanda qadın problemlərinin həlli üçün dövlət qurumlarının birgə işçi qrupu yaradıla bilər

Cəmiyyət Materials 21 İyul 2011 11:50 (UTC +04:00)
Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupun yaradılması təklif edilib.
Azərbaycanda qadın problemlərinin həlli üçün dövlət qurumlarının birgə işçi qrupu yaradıla bilər

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupun yaradılması təklif edilib.

"Son illər Azərbaycanda boşanmaların sayının artması, boşanma zamanı qadınların və uşaqların hüquqlarının pozulması ilə bağlı problemlər var. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin iştirakı ilə işçi qrupun yaradılmasının tərəfdarıyıq. Bu, gələcəkdə ailə məsələləri ilə bağlı problemlərə operativ reaksiya verilməsi üçün önəmlidir", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Hüseynova Ailə Məcəlləsinə dəyişiklikləri də zəruri sayıb.

Tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlamasını və tibbi müayinədən keçməsini zəruri hesab edən komitə sədri bunun məcburiləşdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, qadınlar məhkəmə qərarlarından narazıdırlar, uşaqların və qadınların hüquqlarının pozulduğunu deyirlər. Dövlət Komitəsinin sədri məhkəmə zamanı qadın və uşaqlarla bağlı düzgün qərar qəbul etmək üçün məhkəmə proseslərində psixoloq və sosial işçilərin iştirakının da zəruri olduğunu bildirib.

"Ailə ilə bağlı problemlərdə elə nüanslar var ki, onların həllində, onlara qiymət verilməsində bu mütəxəssislərə ehtiyac var. Onların rəyi nəzərə alınmaqla qəbul edilən qərarlarda uşaqların və qadınların hüquqları müdafiə olunacaq", - Hüseynova əlavə edib.

Ölkədə qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu ilin 6 ayında 5335, ötən ilin müvafiq dövründə isə 4276 nikahın pozulması faktı qeydə alınıb.

Bu il qeydə alınan boşanmaların 19-u, ötən ilin birinci yarısında qeydə alınan boşanmaların isə 41-i əcnəbilərlə olan nikahlardır.

Xəbər lenti

Xəbər lenti