...

Ombudsman ermənilər tərəfindən vəhşicəsinə öldürülən 13 yaşlı qızın anası ilə görüşüb

Cəmiyyət Materials 21 İyul 2011 18:30 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ombudsman hazırda Bakıdakı Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan Elnarə Şahmalıyeva ilə görüşüb.
Ombudsman ermənilər tərəfindən vəhşicəsinə öldürülən 13 yaşlı qızın anası ilə görüşüb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Elmira Süleymanova iyulun 14-də ermənilər tərəfindən vəhşicəsinə öldürülən 13 yaşlı qızın anasına baş çəkib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, ombudsman hazırda Bakıdakı Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunan Elnarə Şahmalıyeva ilə görüşüb.

Ombudsman həmin institutun baş həkimi və yaralı qadını müalicə edən həkimlə birlikdə Şahmalıyevanın sağlıq durumu, ehtiyacları ilə maraqlanıb, səhhətinə və psixoloji vəziyyətinə xüsusi həssaslıqla yanaşmağı tapşırıb.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb.

Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

Müvəkkilə bildirilib ki, partlayıcı qurğunun qəlpələri ilə bud nahiyəsindən xəsarətlər almış Şahmalıyevanın vəziyyəti pisləşdiyi üçün o, Bakıya gətirilib.

Hazırda yaralının səhhəti normallaşır, ayağındakı ağrılar ona hələlik gəzməyə imkan verməsə də, onun vəziyyətində müsbət dinamika hiss olunur.

Süleymanova övladı qətlə yetirilmiş ana ilə söhbət edib, ona bu faciəvi hadisə ilə bağlı təskinlik verib. O qeyd edib ki, təcavüzkar Ermənistan öz çirkin terrorçuluq siyasətini, günahsız uşaqların qətlə yetirilməsini davam etdirir. 13 yaşlı Aygünün vəhşicəsinə qətlə yetirilməsi buna daha bir sübutdur.

Ombudsman deyib ki, işğalçı Ermənistanın məsum körpələrə, uşaqlara qarşı yönəlmiş bu vandalizm hərəkəti dünya ictimaiyyətinin gözü qarşısında baş verir və öz hüquqi qiymətini almalıdır. Dəfələrlə təkrarlanan belə qanlı cinayətlər Ermənistanın iç üzünü, əsl yırtıcı simasını bir daha açıb göstərir.

Xəbər lenti

Xəbər lenti