Azərbaycanın turizm sektoruna yeni bələdçilər təqdim ediləcək

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İsabalayeva/
Milli Təlim Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm İnstitutunda 6 ay əvvəl fəaliyyətə başlamış "Bələdçi" kursunun dinləyiciləri Turizm Bələdçilərinin və Tərcüməçi Gidlərin Attestasiya Komissiyanın iştirakı ilə 3 mərhələdə sınaq imtahanı veriblər.
İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahanın birinci mərhələsi iyulun 15-də keçirilib. Dinləyicilər bu mərhələdə əsasən Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, turizm coğrafiyası, memarlıq, arxeologiya, etnoqrafiya, ilkin tibbi yardım ilə bağlı test sualları cavablandırıblar.
İkinci mərhələdə iştirakçılar şifahi imtahan veriblər. Bu mərhələdə dinləyicilər müvafiq sualları xarici dildə cavablandırıblar.
Bələdçi kursu dinləyicilərinin sınaq imtahanı Bakı şəhəri üzrə icmal-ekskursiya ilə (III mərhələ) yekunlaşıb.
Bələdçi kursunun 16 iştirakçısından 11-i imtahanda uğur qazanıb. Üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən 4 dinləyici sentyabrda təşkil olunacaq bələdçi kursunun iştirakçıları ilə birlikdə imtahan verə biləcəklər.