...

Xarici ölkələrə turist kimi səfər edən azərbaycanlıların sayı azalıb

Cəmiyyət Materials 27 İyul 2011 11:41 (UTC +04:00)
Son illər xarici ölkələrə turist kimi səfər edən azərbaycanlıların sayı azalıb. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, belə hal bu il də müşahidə edilir.
Xarici ölkələrə turist kimi səfər edən azərbaycanlıların sayı azalıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Son illər xarici ölkələrə turist kimi səfər edən azərbaycanlıların sayı azalıb. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, belə hal bu il də müşahidə edilir.

Nazirlik rəsmisi hesab edir ki, artıq azərbaycanlılar ölkə daxilində istirahətə üstünlük verirlər. İsmiyev bunu Azərbaycanın turizm şirkətlərinin göstərdiyi xidmətlərin səviyyəsinin yüksəlməsi və ölkə daxilində infrastrukturun qurulması ilə izah edib.

"Daxili turizm bazarında artıq müəyyən infrastruktur qurulub, mehmanxana və turizm şirkətlərimiz müxtəlif çeşidli xidmətlər göstərirlər. Artıq otellərdə müştərilərə gün ərzində 3 dəfə yemək verilir", - İsmiyev əlavə edib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan turistləri daha çox Türkiyəyə, Gürcüstana, daha sonra isə Avropa ölkələrinə səfər edirlər. Azərbaycanlıların səfər üçün Türkiyə, Gürcüstanı seçmələrinin əsas səbəbi həmin ölkələrin Azərbaycana qonşu olmasıdır.

"Eyni zamanda, dil baryeri də yoxdur. Gürcüstanda rus, Türkiyədə Azərbaycan dilində danışmaq mümkündür. Xarici dilləri bilənlər isə Avropa ölkələrində özlərini daha rahat hiss edirlər", - İsmiyev qeyd edib.

Nazirlik rəsmisi azərbaycanlı turistlərin xarici ölkələrə, xüsusilə də Türkiyə və Gürcüstana turizm səfərləri etmələrinin səbəbini Azərbaycanda daxili turizm xidmətlərinin qiymətlərinin baha olması ilə əlaqələndirməyib. Onun sözlərinə görə, artıq Azərbaycan otellərində gündə 40 manat ödəməklə normal istirahət etmək mümkündür.

"Bu qiymətə gün ərzində 3 dəfə yemək yeməklə normal, yaxşı səviyyəli obyektdə istirahət etmək olar. Bu, o deməkdir ki, 10 gün dincələn şəxs yeməklə birlikdə istirahətinə 400 manat xərcləyəcək. Amma Azərbaycandan Antalyaya, ya da harasa getmək istəyən şəxs elə yalnız gediş üçün biletin alınmasına 300-400 manat sərf edir. Bundan əlavə, o, həmin şəhərdə qalmaq üçün də vəsait xərcləyəcək. Buna görə də Azərbaycanın daxilində istirahət etmək xaricdə dincəlməkdən baha alınmır",- İsmiyev söyləyib.

Ötən il Azərbaycana xaricdən 1 milyon 968 min turist gəlib. Bu ilin ilk 6 ayında isə bu göstərici 1 milyon 16 minə yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti