...

Azərbaycanın turizm bölgələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 İyul 2011 17:28 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu monitorinq qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycanın turizm bölgələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu monitorinq qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-dən başlayan və 3 həftə davam edən monitorinq zamanı Qax-Şəki-Qəbələ-İsmayıllı-Şamaxı, Xaçmaz-Qusar-Quba və Lənkəran-Lerik-Masallı bölgələrində fəaliyyət göstərən obyektlərə baxış keçirilib.

Monitorinq qrupu, Şamaxı rayonu istisna olmaqla, Qax, Şəki, Qəbələ və İsmayıllı rayonlarının mövsümə ümumi hazırlıq səviyyəsini qənaətbəxş hesab edib. Ötən mövsümlə müqayisədə qiymətlər təqribən 20 faiz aşağı endirilib, bəzi xidmət növlərinin sayı isə artırılıb ki, bu da müsbət qiymətləndirilir. Komissiyanın rəyinə görə, Şamaxıda marketinq, reklam işi düzgün qurulmayıb, turizm obyektlərində yerləşmə səviyyəsi xeyli, təqribən 10 faiz aşağıdır.

Monitorinq qrupunun rəyinə görə, şimal bölgəsində turizm xidməti sahəsində müsbət irəliləyişlər var. Cənub bölgəsi üzrə yerləşdirmə obyektləri arasında Lənkəran şəhərindəki "Qafqaz Sahili", "Qala", "Xan Lənkəran" və "Palmalife", Lerik rayonundakı "Relax" və "Cənub", Masallı rayonundakı "Nağıl Dünyası" obyektlərində xidmət səviyyəsi yüksəkdir.

Monitorinq komissiyası hesab edir ki, hər üç bölgədəki mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsi və ona uyğun olaraq qiymətlər də müxtəlifdir. Bölgələrdə bir çox mehmanxanalar bu barədə sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq, lisenziyasız fəaliyyət göstərirlər. Bunun səbəblərini araşdırdıqda isə məlum olur ki, problemlər sənədlərin çatışmazlığından qaynaqlanır. Bu yerləşdirmə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, həm də bu obyektlərdə çalışanların peşə hazırlığı demək olar ki, yox səviyyəsindədir. Mehmanxana və mehmanxana tipli obyektlərin bir çoxunda qeyd-qəbul bölməsinin olmaması ciddi nöqsanlardandır. Ümumilikdə baxış keçirilən bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən şimal bölgəsində 35 faizi, çənub bölgəsində 30-40 faizi, şimal-qərb bölgəsində isə 45 faizi müasir standartlara cavab verir.

Monitorinq qrupunun qənaətinə görə, hər üç bölgə üzrə turizmin müxtəlif növlərini inkişaf etdirmək və ölkədə turizm mövsümü günlərinin sayını artırmaq üçün dövlətlə özəl sektorun tərəfdaşlığı çərçivəsində Xəzər dənizinin sahil ərazilərində və turizm üçün əlverişli olan digər ərazilərdə müasir standartlara cavab verən turizm komplekslərinin yaradılması məqsədilə torpaq sahələri ayrılmalıdır. İrihəcmli turizm layihələrinin hazırlanması, investisiyanın cəlb edilməsi və irihəcmli investisiyalara vergi güzəştlərinin tətbiq edilməsi tövsiyə olunur.

Bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisinə yerli rayon icra hakimiyyətləri tərəfindən razılıq verilən zaman Mədəniyyət və Turizm Nazirliyinin rəyinin nəzərə alınması məqsədəuyğun olar. Bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində çalışan personalın peşə hazırlığı səviyyəsini yaxşılaşdırmaq üçün Bakıda, Qusarda və digər rayonlarda peşə hazırlığı üzrə təhsil müəssisələrinin yaradılması işi sürətləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti