...

Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusu keçirilir

Cəmiyyət Materials 2 Avqust 2011 12:40 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkə ərazisində demoqrafiya və sağlamlıq sorğusu üzrə sahə işlərinə başlayıb.
Azərbaycanda demoqrafiya və sağlamlıq sorğusu keçirilir

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkə ərazisində demoqrafiya və sağlamlıq sorğusu üzrə sahə işlərinə başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səyyar sorğu işlərinin 2011-ci il oktyabr ayına kimi aparılması nəzərdə tutulub. Sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir.

Tədqiqat çərçivəsində seçilmiş ev təsərrüfatlarının xarakteristikası, sosial-iqtisadi göstəricilər, antropometrik göstəricilər, təhsil səviyyəsi və s. ilə bağlı məlumatlar toplanılacaq. Eyni zamanda, körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı, ana sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri mövzuları araşdırılacaq.

Fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da veriləcək.

Demoqrafiya və Sağlamlıq Sorğusu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu 2009-cu ildə Azərbaycanda aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib.

Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib. Sorğu alətlərinə Ev təsərrüfatının Sorğu Vərəqəsi və 15-49 yaşlı Qadınların Sorğu Vərəqəsi daxildir.

Xəbər lenti

Xəbər lenti