...

Azərbaycanda xarici ölkələrin film həftələri yeni qayda ilə keçiriləcək

Cəmiyyət Materials 2 Avqust 2011 14:45 (UTC +04:00)
Xarici ölkələrin film həftələri çərçivəsində Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək.
Azərbaycanda xarici ölkələrin film həftələri yeni qayda ilə keçiriləcək

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Xarici ölkələrin film həftələri çərçivəsində Azərbaycan kinoteatrlarında nümayiş olunacaq filmlər Azərbaycan dilinə dublyajla veriləcək. Bunu çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.

"Azərbaycanda Rusiya və digər ölkələrin film həftələri keçirilir. Kinoteatrlarda filmlər Azərbaycan dilində nümayiş olunmalıdır. Buna görə də bundan sonra həmin filmlər Azərbaycan dilinə tərcümə olunacaq", - sektor müdiri bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu yenilik Azərbaycanda xarici ölkələrin film həftələrinin təşkilinə olan marağı azaltmayacaq.

Şeyxov deyib ki, kinoteatrlar filmlərin Azərbaycan dilinə dublyaj olunmuş variantının nümayişi ilə bağlı hər hansı problemin yaranmaması üçün bu işə əvvəlcədən hazırlaşacaq.

"Biz indi Azərbaycanda Rusiya kino həftəsinin keçirilməsi ilə bağlı danışıq aparırıq. Onlardan xahiş etdik ki, filmlərin danışıq mətnlərini əvvəlcədən göndərsinlər ki, onları tərcümə etməyə vaxtımız olsun. Rusiya tərəfi Rusiya film həftəsinin yaxın vaxtlarda keçirilməsini təklif edirdi. Amma biz dedik ki, filmlərin tərcüməsinin vaxt aparacağı üçün tədbir noyabrda təşkil edilsin", - Şeyxov deyib.

O qeyd edib ki, əsasən rus dilində filmlər nümayiş etdirən "Azərbaycan" və "Cinema klub" kinoteatrları Mədəniyyət və Turizm Nazirliyinin filmlərin Azərbaycan dilində səsləndirilməsi ilə bağlı qoyduğu tələbə çox ciddi yanaşırlar.

Artıq hər iki kinoteatrda Azərbaycan dilində subtitrləri olan filmlərə baxmaq mümkündür.

Şeyxov deyib ki, Azərbaycandakı bütün kinoteatrlarda filmlər Azərbaycan dilində nümayiş olunmalıdır. Bu tələb Mədəniyyət və Turizm Nazirliyinin yeni istifadəyə veriləcək "Nizami" kinoteatrına da aid olacaq.

Xəbər lenti

Xəbər lenti