...

Azərbaycanda qəzet təsisçisi barəsində cinayət işi açılıb

Cəmiyyət Materials 19 Avqust 2011 10:56 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb
Azərbaycanda qəzet təsisçisi barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.

Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti