...

Aydın İsmiyev: Azərbaycanda turizmin inkişafı üçün sərnişindaşıma qiymətlərinə yenidən baxılmalıdır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 25 Avqust 2011 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin Trend-ə müsahibəsi

- Azərbaycanda builki turizm mövsümü yekunlaşmaq üzrədir. Builki mövsüm əvvəlkilərdən fərqlənə bildimi?

- İldən-ilə Azərbaycanda turizm infrastrukturu genişlənir, yaxşılaşır, xidmət səviyyəsi yüksəlir. Bu il də ötən illərə nisbətən xidmət səviyyəsi daha da yaxşılaşıb, qiymətlər aşağı salınıb. Artıq hotellər gün ərzində 3 dəfə yemək verməklə müştərilərinə xidmət göstərirlər. Azərbaycanda əhali 5-6 il əvvəl istirahət günlərində indi olduğu kimi böyük qruplarla rayonlara səfər etmirdilər. Çünki müəyyən infrastruktur yox idi. Artıq bu infrastruktur yaradılıb və yaradılır.

- Bu il Azərbaycan daha çox hansı ölkələrdən turistlər qəbul edib?

- Azərbaycana daha çox sərhədyanı ölkələrdən turistlər gəlir. Bu, bütün ölkələrdə belədir. Demək olar ki, bütün ölkələrdə sərhədyanı turizm daha çox inkişaf edir. Çünki turistlərə magistral yolla səfər etmək sərfəlidir.

- Azərbaycana gələn turistlərin sayının artırılması məqsədilə viza rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur. Sadələşdirmə hansı formada olacaq və yeni qaydalar nə vaxtdan tətbiq ediləcək?

- Elektron vizaların Azərbaycanda tətbiq edilməsi ilə bağlı ölkə Prezidentinin sərəncamı var. Elektron vizalar elə viza rəsmiləşdirilməsinin sadələşdirilməsi deməkdir. Hazırda müvafiq dövlət qurumları tərəfindən bu məsələ ilə bağlı işlər aparılır. Həmin işlər başa çatdıqdan sonra bu sistem tətbiq olunacaq. Amma yeni qaydaların nə vaxtdan tətbiq ediləcəyini deyə bilmərəm. Çünki bu məsələ Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində deyil.

- Artıq Azərbaycanda da çimərlik turizminin inkişaf etdirilməsi qərara alınıb. Nəzərə alaq ki, Xəzərin bəzi sahil əraziləri çimərlik kimi istifadə olunmaq üçün münasib sayılmır. Bu halda çimərlik turizminin inkişaf etdirilməsi üçün hansı ərazilər seçiləcək?

- Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə çimərliklər turizm xidmətlərinə aiddir. Hazırda bizim ölkədəki çimərliklərin Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti yoxdur. Ona görə də çimərliklərlə əlaqədar sizə bir söz deyə bilmərəm. Lakin qeyd edim ki, hazırda çimərliklərin vəziyyəti lazımi səviyyədə deyil. Onu hansısa formada tənzimləmək lazımdır.

- Nazirliyin çimərlik turizminin inkişafı ilə bağlı təklifləri varmı?

- Ümumiyyətlə, mövcud olan turizm növləri ilə bağlı nazirlik tərəfindən işlər aparılır. Biz bu istiqamətdə də işlər görmək niyyətindəyik.

- Turizm sektorunda daha bir yeniliyin - hava, dəniz, quru yolu ilə, həmçinin yerli sərnişindaşımalarda turist qruplarına xüsusi qiymətlərin tətbiqi nəzərdə tutulur. Bu tariflər həmin sahələrdəki adi tariflərdən nə qədər fərqlənə bilər?

- Müxtəlif qiymətlər ola bilər. Amma bu məsələlər bizim səlahiyyətimizdə deyil. Biz bununla əlaqədar müəyyən dövlət qurumlarına müraciət edirik. Hesab edirik ki, biletlərin qiymətlərinə yenidən baxılmalıdır. Əgər biz Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turistlərin gəlməsini istəyiriksə, onda sərnişindaşıma biletlərinin qiymətlərinə yenidən baxılması zəruridir.

- Onda fərqli tariflərdən Azərbaycanın daxili turistləri deyil, yalnız ölkəyə xaricdən gələn turistlər istifadə edə biləcəklər?

- Bəli. Azərbaycanın daxili turistləri üçün məncə, problem yoxdur. Daxili hava reyslərində bu il Azərbaycan Hava Yolları güzəştlər edib.

- Hazırda turizm sektorunun daha çox hansı sahələrinə investisiya yatırılmasına ehtiyac var?

- Hazırda respublikada 500-ə yaxın mehmanxana və mehmanxana tipli komplekslər fəaliyyət göstərir. Onların hamısı müasir səviyyədə tikilməyib. Lakin son zamanlar müasir səviyyədə mehmanxanalar inşa edilir. Mənə elə gəlir ki, Azərbaycanda beş, dörd ulduzlu hotellərin sayı kifayət qədərdir. Hazırda üç ulduzlu mehmanxanalara ehtiyac duyulur. Ona görə ki, üç ulduzlu mehmanxanalar orta səviyyəli turistlərin Azərbaycana cəlbi üçün imkan yaradar. Üç ulduzlu mehmanxanaların tikilərək istifadəyə verilməsi və sərnişindaşıma biletlərinin bir az ucuzlaşdırılması orta səviyyəli turistlərin Azərbaycana gəlməsi üçün stimul olar.

- Belə çıxır ki, Azərbaycanda turizmin hotelçilik sahəsinə daha çox investisiya yatırılmasına ehtiyac duyulur?

- Hotelçilik biznesi turizmin inkişafının əsas amillərindəndir. Turizmin əsas infrastrukturları yollar, restoranlar, iaşə xidmətləri və mehmanxana, mehmanxana tipli komplekslərdir. Hotelçilik sahəsində də investisiyanın həm Bakı, həm də regionlarda yatırılmasına ehtiyac var. Bu il 26 yeni mehmanxana və mehmanxana tipli komplekslər tikilib istifadəyə verilib, 46-sı hazırda tikilir. Bu ilin sonuna qədər 4-5 brend hotel də açılacaq. "Kempinski", "Four seasons", "Hilton", "Fermond" hotellərinin Azərbaycanda açılması ölkənin adıdır. "Four seasons" oteli hər bir ölkədə açılmır. Bu, Azərbaycanın yüksək səviyyəli inkişafına və etibarına görədir.

- Azərbaycanda iş adamları daha çox beş, dörd ulduzlu hotellər tikməyə maraqlıdırlar. Bəlkə onlar hesab edirlər ki, üç, iki ulduzlu hotellər tikməklə bu sahəyə qoyduqları investisiyaları batıra, gəlirlərini azalda bilərlər?

- Belə deyil. Son illər Azərbaycanın güclü iqtisadi inkişafı xarici iş adamlarının ölkəyə marağının artmasına gətirib çıxarıb. Ona görə də xarici ölkələrdən Azərbaycana çoxlu sayda iş adamları gəlirlər. Həmin iş adamları Azərbaycanda beş, dörd ulduzlu hotellərdə qalmağı üstün tuturlar. Mənə belə gəlir ki, Azərbaycanda əsas turizm növü biznes, konqres turizmdir. Respublikada, xüsusilə Bakıda böyük beynəlxalq tədbirlər keçirilir. Bu da konqres turizmi adlanır. Azərbaycanın yüksək iqtisadi inkişafı ölkəmizdə müxtəlif xarici iş adamlarının gəlməsinə gətirib çıxarır. Bu da biznes turizmidir.

- Azərbaycanda turizm sektorunda daha hansı yeniliklər gözlənilir?

- Bizim gözəl mətbəximiz var. Biz yeni - mətbəx turizmini də inkişaf etdirməyi planlaşdırırıq. Bu turizm növü Avropada çox yaxşı inkişaf edir. Bizim maraqlı mətbəximiz var, ona görə də ondan istifadə etmək lazımdır. Bununla yanaşı, turistləri daha geniş və rahat şəkildə məlumatlandırmaq üçün Azərbaycanın turizm obyektlərinin, gəzməli-görməli yerlərinin məlumat xidməti yaradılacaq. Bu məlumatları turistlərə çatdırmaq üçün telefonlardan, köşklərdən və digər üsullardan da istifadə edilə bilər. Müzakirələrdən sonra bunlardan hansı daha yararlı olsa, o, tətbiq ediləcək. Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi ilə bağlı da işlər normal qaydada gedir. Bu ilin sonuna qədər komplekslə bağlı müəyyən işlər başa çatmalıdır.

- Nəhayət ki, turizm xidməti əməkdaşlarının da peşə bayramları qeyd ediləcək. Bu, hansı günə təsadüf edəcək?

- Əvvəllər də biz bununla bağlı araşdırmalar aparırdıq. Bu araşdırmalar hələ də davam edir. Araşdırmalarımız nəticəsində məlum olub ki, 1929-cu ilin avqustun 27-də Azərbaycanda ilk dəfə "İnturist" Cəmiyyəti yaradılıb. Bununla əlaqədar biz avqustun 27-ni turizm xidməti əməkdaşlarının peşə bayramı kimi elan edilməsini təklif etməyə hazırlaşırıq.

Xəbər lenti

Xəbər lenti