...

Bakıda yaşı 65-i ötmüş həkimlərin işdən çıxarılmasına başlanılıb

Cəmiyyət Materials 25 Avqust 2011 13:16 (UTC +04:00)
Bakının səhiyyə müəssisələrində çalışan yaşı 65-i ötmüş səhiyyə işçilərinin işdən çıxarılmasına başlanılıb. Bunu cümə axşamı Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin (BBŞİ) rəis müavini Rauf Nağıyev deyib
Bakıda yaşı 65-i ötmüş həkimlərin işdən çıxarılmasına başlanılıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bakının səhiyyə müəssisələrində çalışan yaşı 65-i ötmüş səhiyyə işçilərinin işdən çıxarılmasına başlanılıb. Bunu cümə axşamı Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin (BBŞİ) rəis müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilən dəyişikliyin icrası üçün artıq səhiyyə müəssisələrinin baş həkimlərinə tapşırıqlar verilib.

"Bundan sonra bu proses daimi aparılacaq. İşçilərin 65 yaşı tamam olduqca onlar işdən azad ediləcəklər. Bununla bağlı baş həkimlər mütəmadi olaraq, bizə hesabat verəcəklər",- Nağıyev deyib.

İdarə rəsmisi bu prosesin səhiyyə müəssisələrində kadrların cavanlaşdırılmasına xidmət edəcəyini də bildirib.

Nağıyev əlavə edib ki, kollektivdə yaşlı insanlar işlədiyi üçün gənclər özlərinə iş tapa bilmirdilər. Amma artıq yaşlı işçilər işdən çıxdıqdan sonra vakant yerlər yaranacaq. Həmin yerlərə də gənc kadrlar işə götürüləcək.

Gənclərin işə götürülməsi üçün ayrıca müsabiqənin keçirilməsi nəzərdə tutulmur. Vakant yerlər yarandıqca baş həkimlər mətbu orqanlarda elan verəcəklər. Bundan sonra isə namizədlərin sənədləri səhiyyə müəssisələri tərəfindən qəbul olunacaq və seçim nəticəsində onlar arasından ən bacarıqlıları işə qəbul ediləcəklər.

Nağıyev deyib ki, əmək fəaliyyətini davam etdirə bilən 65 yaşdan yuxarı işçilər xüsusi meyarlarla müəyyənləşdirilirlər. Belə işçilərin işdə saxlanılması hüququ baş həkimlərə həvalə edilib.

BBŞİ-nin tabeliyində 156 müəssisə fəaliyyət göstərir.

Əmək Məcəlləsinə edilən yeni dəyişikliyə görə, dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65-dir.

Xəbər lenti

Xəbər lenti