...

Azərbaycan boksçuları Avropa çempionatında 4 medal qazandılar

Cəmiyyət Materials 30 Avqust 2011 09:53 (UTC +04:00)
İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan boksçuları Avropa çempionatında 4 medal qazandılar

Azərbaycan, Bakı, 30 avqust /Trend/

İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günündə rinqə çıxan boksçularımızdan ilk olaraq Pərviz Bağırov (60 kq) qələbə qazanıb. Həmyerlimiz final qarşılaşmasında litvalı Edqaras Skurdlislə üz-üzə gəlib. Gərgin mübarizə şəraitidə keçən döyüşün birinci raundu 3:3 hesabı ilə başa çatıb. 3-cü hissədə üstünlüyü ələ alan Bağırov 11:8 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin qızıl medalına layiq görülüb.

75 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov komandamızın hesabına 2-ci qızıl medalı qazandırıb. Millimizin üzvü finalda Rusiya nümayəndəsi Maqomed Madiyevə 17:11 hesabı ilə qalib gəlib.

Son olaraq boksçularımızdan Heydər Heydərov (91+ kq) rinqə çıxıb. Heydərov rusiyalı Həsən Gimbatova uduzaraq, gümüş medalla kifayətlənib. Xatırladaq ki, komandamızın heyətində Coşğun Əliyev (64 kq) bürünc medala layiq görülüb. Yığmamız komanda hesabında yalnız Rusiyanı özündən irəli buraxaraq 2-ci yeri tutub. İrlandiya 3-cü nəticə göstərib.

Xəbər lenti

Xəbər lenti