...

Azərbaycanın rayon və şəhərlərində demoqrafiya və sağlamlıq sorğusu keçirilir

Cəmiyyət Materials 1 Sentyabr 2011 11:49 (UTC +04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) sentyabrda Azərbaycanın 28 rayon və şəhərində demoqrafiya və sağlamlıq sorğusu keçirəcək.
Azərbaycanın rayon və şəhərlərində demoqrafiya və sağlamlıq sorğusu keçirilir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) sentyabrda Azərbaycanın 28 rayon və şəhərində demoqrafiya və sağlamlıq sorğusu keçirəcək. İSİM-dən cümə axşamı Trend-ə verilən məlumata görə, sorğular Bakının Nəsimi, Xətai, Nərimanov, Binəqədi, Yasamal rayonları, Gəncə, Sumqayıt, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Xızı, Hacıqabul, Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Füzuli, Yevlax, Qax, Oğuz, İsmayıllı, Qəbələ, Şəmkir, Gədəbəy və Daşkəsən rayonları üzrə aparılacaq.

Sorğunu 10 qrup olmaqla, supervayzerlər və intervüyerlər aparırlar.

Sorğunun keçirilməsinə avqustda başlanılıb. Artıq Bakının Xəzər, Qaradağ rayonlarında, Abşeron, Lənkəran, Astara, Quba, Qusar, Kürdəmir, Ucar, Bərdə, Tərtər, Ağdaş, Göyçay, Mingəçevir, Zaqatala, Balakən, Tovuz və Qazaxda sorğular tamamlanıb.

Oktyabrın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.

Demoqrafiya və sağlamlıq sorğusu Nazirlər Kabinetinin Səhiyyə Nazirliyinə verdiyi tapşırığa əsasən, "2008-2015-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" çərçivəsində keçirilir.
Sorğunun nəticələri səhiyyədə, təhsildə, demoqrafik siyasətdə problemlərin həlli üçün vacibdir.

Azərbaycanda ilk dəfə belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən tədqiqatların aparılması üzrə beynəlxalq "Macro International" təşkilatı ilə birgə keçirilib.

Xəbər lenti

Xəbər lenti