...

Uşaq bağçalarında uşaqlara verilən yeməyin miqdarı artırılacaq

Cəmiyyət Materials 3 Sentyabr 2011 11:52 (UTC +04:00)
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən qida normaları dəyişdirilməli və qida normaları üçün nəzərdə tutulan məbləğ artırılmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.
Uşaq bağçalarında uşaqlara verilən yeməyin miqdarı artırılacaq

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən qida normaları dəyişdirilməli və qida normaları üçün nəzərdə tutulan məbləğ artırılmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində qida normaları 1994-cü ildə təsdiqlənib.

Alnağıyeva bildirib ki, TN qida normalarında dəyişiklik edilməsi və bunun üçün dövlət büdcəsindən ayrılan məbləğin artırılması təklifi ilə Maliyyə Nazirliyinə müraciət edib.

Sektor müdirinin sözlərinə görə, bu məsələnin müsbət həll olunacağı gözlənilir.

"Qida norması üçün ayrılan məbləği biz təklif edə bilmərik. Çünki bu, ərzaqların mövcud qiymətlərindən asılıdır. Bu gün mövcud olan qida normalarına uyğun olaraq 1 gün ərzində bir uşağa düşən bütün qida normaları nəzərə alınaraq onların qiymətləri hesablanacaq və orta qiymət çıxarılacaq. Bu gün qüvvədə olan qida normalarına uyğun olaraq, bir uşağa gün ərzində 3 manat 94 qəpik xərclənməlidir", - o deyib.

Alnağıyevanın sözlərinə görə, uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ödənişsizdir. Nazirlər Kabinetinin 2007-ci il oktyabrın 1-də qəbul etdiyi qərara uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrində valideyn haqqı ləğv edilib.

"Bu gün hansısa müəssisədə pul tələb olunursa, bu, qeyri-qanunidir. Lakin "Təhsil haqında" qanunda göstərilir ki, valideynlər təhsil müəssisələrinə könüllü yardım göstərə bilərlər. Bütün inkişaf etmiş ölkələrdə valideynlər məktəblərə, ümumiyyətlə, təhsilə yardım göstərə bilərlər. Amma bunun qanuni şəkildə, şəffaflıq şəraitində edilməsi daha yaxşı olar", - o deyib.

Sektor müdiri əlavə edib ki, bağçalarda fond pulunun yığılması qanunla müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti