...

Azərbaycanda nikah müqaviləsinin bağlanmasının məcburiləşdirilməsi sosial sifarişdir - komitə sədri

Cəmiyyət Materials 6 Sentyabr 2011 15:34 (UTC +04:00)
Azərbaycanda nikaha girən tərəflərin əmlak müqaviləsi (nikah müqaviləsi) bağlamasının məcburiləşdirilməsi sosial sifarişdir.
Azərbaycanda nikah müqaviləsinin bağlanmasının məcburiləşdirilməsi sosial sifarişdir - komitə sədri

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbirlər K.Zərbalıyeva, T.Hacıyev/

Azərbaycanda nikaha girən tərəflərin əmlak müqaviləsi (nikah müqaviləsi) bağlamasının məcburiləşdirilməsi sosial sifarişdir. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Rəcəbli bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər verildiyini qeyd edib.

O bildirib ki, bu sosial sifarişin yaranmasının səbəbi son 10 ildə Azərbaycanda boşanmaların sayının 2 dəfə artmasıdır.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 87 min nikah qeydə alınırsa, 8 min boşanma var.

"Boşanmaların 90 faizində əmlak mübahisələri ortaya çıxır. Bu mübahisələrin həlli zamanı qadınların mülkiyyət hüquqları pozulur. Ona görə də təklif olunur ki, tərəflərin nikaha girərkən əmlak müqaviləsi bağlaması məcburiləşdirilsin", - Rəcəbli deyib.

Onun sözlərinə görə, Ailə Məcəlləsində nikaha girənlərin əmlak müqaviləsi bağlaması barədə deklorativ norma var. Bu normaya əsasən həmin müqavilənin bağlanması könüllüdür.

Rəcəbli bildirib ki, müqavilənin bağlanmasının məcburiləşdirlməsi Mülki Məcəllədə müqavilə azadlığı prinsipinə ziddir.

"Bu hal məcburiləşərsə, insan hüquqlarının pozuntusu kimi dəyərləndirilə bilər. Müqavilənin bağlanmasının məcburiləşdirilməsinin əleyhinə olanların başqa bir arqumenti isə "biz boşanmaq üçün nikah bağlamırıq" fikridir", - o deyib.

Rəcəbli nikaha girənlərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçirilməsi ilə bağlı məsələyə də münasibət bildirib.

"Qanuna görə, tərəflərin tibbi müayinədən keçməsi könüllüdür. Bunun məcburiləşdirilməsi həkim sirrinin pozulması deməkdir. Şəxsin xəstəliyi ilə bağlı məlumatı həkim və həmin şəxsdən başqa digərinin öyrənməsi qanuna ziddir. Əgər bu arayış verilərsə, bu sirri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin rəhbəri də öyrənmiş olacaq", - komitə sədri deyib.

Rəcəbli bu məsələlərin müzakirə olunduğunu və hansısa formada həll ediləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti