...

Yol Polisi POS-terminallardan az istifadənin səbəblərini açıqlayıb

Cəmiyyət Materials 12 Sentyabr 2011 14:17 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi zamanı POS-terminallardan az istifadə olunmasının səbəblərini açıqlayıb.
Yol Polisi POS-terminallardan az istifadənin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi zamanı POS-terminallardan az istifadə olunmasının səbəblərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Yol Patrul Xidməti avtomobillərinin əksəriyyətində POS-terminal quraşdırılıb.

Onun sözlərinə görə, POS-terminallardan az istifadə olunmasının səbəbi vətəndaşların əksəriyyətində plastik kartların olmamasıdır.

"Əksər Yol Patrul Xidməti avtomobillərində POS-terminallar quraşdırılsa da, əfsuslar ki, çox nadir hallarda onlardan istifadə olunur. Bunun səbəbi əhalinin müəyyən hissəsinin plastik kartının olmamasıdır və ya kartdan nadir hallarda istifadə edirlər", - Əliyev deyib.

Şöbə rəisi bildirib ki, inzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır.

"Sürücü bu halda 3 iş günü müddətində cəriməni istədiyi banka ödəyə bilir. Bu hal da POS-terminallardan az istifadə olunmasının səbəblərindəndir", - Əliyev deyib.

Yeni qüvvəyə minən qanunvericiliyə görə, əgər sürücü törətdiyi inzibati xəta ilə razıdırsa və cəriməni yerində ödəməyə hazırdırsa, DYP əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxs cəriməni POS-terminaldan istifadə etməklə, plastik kart vasitəsilə ödəyir.

Cərimə plastik kart vasitəsilə ödənildikdə tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. Bu zaman iki nüsxədə qəbz (10 faiz güzəştlə faktiki ödənilmiş məbləğ) çap olunur, bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir.

Cərimə bildirişində inzibati xətaya görə ödənilməsi nəzərdə tutulmuş məbləğ və inzibati xətanın baş verdiyi tarix, eləcə də güzəşt və dəbbə haqqının hesablanması şərtləri də qeyd olunur ki, bunun əsasında bank nümayəndəsi müvafiq ödəmə qəbul edir.

Xəbər lenti

Xəbər lenti