...

Ombudsman Moldovaya gedəcək

Cəmiyyət Materials 19 Sentyabr 2011 16:39 (UTC +04:00)
Sentyabrın 20-21-də Moldovada "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Konvensiyası: xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Ombudsman Moldovaya gedəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sentyabrın 20-21-də Moldovada "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Konvensiyası: xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirə bir sıra ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının nümayəndələri, insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaq.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu beynəlxalq toplantıya dəvət olunub.

Beynəlxalq konfransın sessiyalarında insan hüquqlarının, o cümlədən xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının təmini və müdafiəsinin müxtəlif aspektləri müzakirə ediləcək, iştirakçılar fikir və təcrübə mübadiləsi aparacaq.

Süleymanovanın konfransda "Əlilliyi olan insanların hüquqlarının müdafiəsində Azərbaycan ombudsmanının fəaliyyəti" mövzusunda çıxışı gözlənilir.

İnsan hüquqları üzrə müvəkkil bu səfəri çərçivəsində Azərbaycanın Moldovadakı səfirinin iştirakı ilə bir sıra görüşlər keçirəcək.

Görüş zamanı Azərbaycan və Moldova ombudsmanlar institutları arasında insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilə imzalanacaq.

Həmin müqavilənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin ərazisində, müqavilənin tərəfi olan ölkənin vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərilməsidir.

Xəbər lenti

Xəbər lenti