...

Azərbaycanda rezidenturaya sənəd verənlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 15:07 (UTC +04:00)
2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün keçiriləcək imtahanlarda iştirak edəcək namizədlər üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.
Azərbaycanda rezidenturaya sənəd verənlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin rezidenturaya qəbulu üçün keçiriləcək imtahanlarda iştirak edəcək namizədlər üçün "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə bildirib ki, namizədlər bu gün də daxil olmaqla, sentyabrın 22-də və 23-də öz elektron ərizəsinə daxil olaraq, baza və ixtisas fənləri imtahanı üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanlarında iştirak etmək üçün namizədin hər bir imtahan üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi" olmalıdır.

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 1056 namizəd ərizə verib.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Birinci mərhələnin imtahanı sentyabrın 24-də, ikinci mərhələnin imtahanı sentyabrın 25-də keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.

Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Qəbul imtahanları Bakı şəhərində keçiriləcək.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti