...

Azərbaycanın kanoeçisi beynəlxalq reqatanın qalibi olub

Cəmiyyət Materials 29 Sentyabr 2011 15:40 (UTC +04:00)
Azərbaycanın kanoeçisi, gənclər arasında Avropa çempionu Andrey Kraytor Almaniyada keçirilmiş beynəlxalq "Potsdam Canal Sprint" reqatasının qalibi olub.
Azərbaycanın kanoeçisi beynəlxalq reqatanın qalibi olub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın kanoeçisi, gənclər arasında Avropa çempionu Andrey Kraytor Almaniyada keçirilmiş beynəlxalq "Potsdam Canal Sprint" reqatasının qalibi olub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.

19 yaşlı Kraytor artıq 8-ci ildir keçirilən turnirə xüsusi dəvət əsasında qatılıb.

Yarış qaydalarına görə, iki zolaqdan ibarət yürüş xəttinə hər dəfə iki idmançı çıxıb və 200 metr məsafəyə yürüş ediblər. Yürüş yarışan idmançılardan biri iki dəfə məğlub olanadək davam edib. Uduzanlar mübarizəni dayandırıblar, qaliblər isə növbəti mərhələyə yüksəliblər. Kraytor ardıcıl 4 yürüşün qalibi olub. Finalda o, kişilər arasında son Avropa çempionu və dünya çempionatlarının mükafatçısı, almaniyalı Sebastian Brendellə yarışıb və qalib gəlib. Üçüncü yeri Helder Silva (Portuqaliya), 4-cü yeri isə daha bir alman kanoeçi Stefan Holts tutub.

"Potsdam Canal Sprint" reqatasında Metyu Qubel (Fransa), Stefan Kiray, Byorn Voşke, Piter Kreçmer (hamısı Almaniya) kimi tanınmış kanoeçilər də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti