...

QMİ: Zəvvarların İran və İraq sərhədindən vaxtında keçməsi üçün razılaşma əldə olunub

Cəmiyyət Materials 30 Sentyabr 2011 13:14 (UTC +04:00)
Həcc ziyarətinə avtobusla gedəcək zəvvarların İran və İraq sərhədindən rahat və gecikmədən keçməsi üçün müvafiq qurumlarla razılaşma əldə olunub.
QMİ: Zəvvarların İran və İraq sərhədindən vaxtında keçməsi üçün razılaşma əldə olunub

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Həcc ziyarətinə avtobusla gedəcək zəvvarların İran və İraq sərhədindən rahat və gecikmədən keçməsi üçün müvafiq qurumlarla razılaşma əldə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov cümə günü Trend-ə bildirib ki, zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

O bildirib ki, İranla viza rejiminin ləğvindən sonra sərhəd keçid məntəqələrində yaranan sıxlıq və ləngimələr zəvvarların hərəkətinə problem yaratmayacaq.

Payızovun sözlərinə görə, 1000-dən artıq zəvvarın lazımi ünvana rahat və vaxtında çatması məqsədilə əvvəlcədən İran və İraqın müvafiq qurumları ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb.

Bu məsələnin QMİ-nin nəzarətində olduğunu deyən şöbə müdiri zəvvarların hərəkəti ilə bağlı problem yaranmayacağını bildirib.

Ziyarətə avtobusla gedəcək zəvvarların marşrutu Suriyada baş verən hadisələrlə əlaqədar dəyişdirilib.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, Həcc karvanları oktyabr ayının 25-26-dan yola düşəcəklər.

Bu il 2 min nəfərin yola düşməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını 40-41 ədəd avtobusla yola düşəcək.

Xəbər lenti

Xəbər lenti