...

Bakıda gənc alim və tələbələrin beynəlxalq konfransı işinə başlayıb

Cəmiyyət Materials 5 Oktyabr 2011 11:45 (UTC +04:00)
Bakıda çərşənbə günü gənc alim və tələbələr üçün "Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər" adlı IV beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda gənc alim və tələbələrin beynəlxalq konfransı işinə başlayıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda çərşənbə günü gənc alim və tələbələr üçün "Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər" adlı IV beynəlxalq konfrans öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə konfransın açılışında bildirib ki, tədbirin keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən gənc alimlərin bir yerə toplaşaraq yer elmləri sahəsində görülən işlərin birgə müzakirəsini aparmasıdır.

Onun sözlərinə görə, konfrans həmin gənclər arasında əlaqələrin qurulması və gələcəkdə birgə elmi araşdırmaların aparılmasına xidmət edəcək.

Əlizadə çıxışında vurğulayıb ki, gənc alimlər üçün xarici dil bilikləri vacibdır. "Artıq qloballaşan dünyada ingilis dili biliyi alimlər üçün olduqca zəruridir", - o deyib.

Elmin İnkişafı Fondunun qrant layihəsi və BP şirkətinin dəstəyi ilə keçirilən ikigünlük konfrans zamanı Azərbaycanla yanaşı Rusiya, Almaniya, Türkiyə, Belarus, İran, Avstriya, Özbəkistan, Makedoniya, Səudiyyə Ərəbistanından olan gənc alimlərin yer elmləri ilə bağlı məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Konfransın ikinci günü saat 10:00-da Rusiyanın məşhur alimi, Moskva Dövlət Universitetinin professoru Nikolay Koronovskinin "Yer planeti: dünən, bu gün, sabah" adlı məruzəsi dinləniləcək.

Xəbər lenti

Xəbər lenti