...

Batumi universiteti Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirir

Cəmiyyət Materials 11 Oktyabr 2011 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Şota Rustaveli adına Batumi Dövlət Universiteti Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze bildirib.

"Əməkdaşlıq haqqında saziş Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə Azərbaycanın Tibb Universiteti və BDU ilə tələbə mübadiləsini həyata keçirmək, müəllimlərin staj keçməsinin təşkili, birgə elmi layihələrin icrası üçün imzalanacaq", - Bakuridze deyib.

Onun sözlərinə görə, Batumi Dövlət Universiteti artıq Bakı Slavyan Universiteti ilə belə razılaşmaya malikdir.

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Alyoşa Bakuridze qeyd edib ki, tədbir yüksək səviyyədə təşkil edilib.

"Forum çox vacib və aktual məsələlərə həsr olunub. Bütün bəşəriyyətin sülh şəraitində birgə yaşayışı, mədəniyyətlərarası dialoq, müxtəlif millətlərin dialoqu, din forumda müzakirə edilən əsas məsələlərdən olub", - Bakurizde bildirib.

Onun sözlərinə görə, Bakı və Batumi arasında tarixi əlaqələr var.

"Azərbaycanın Batumidə Baş konsulluğu yaranan kimi konsulluq şəhərin həyatında aktiv iştirak etməyə başlayıb. Azərbaycan konsulluğunun təşəbbüsü ilə Batumi Dövlət Universitetində Azərbaycan günləri keçirilib. Münasibətlər müxtəlif istiqamətlərdə uğurla inkişaf edir", - Bakuridze qeyd edib.

Şota Rustaveli adına Batumi Dövlət Universiteti Gürcüstanın ali təhsil ocağıdır. Əsası 1935-ci ildə qoyulub. Universitetdə 4,5 minə yaxın tələbə təhsil alır, 250-yə yaxın müəllim çalışır. Universitetdə səkkiz fakültə - riyaziyyat və kompüter elmləri, sosial elmlər, biznes və hüquq, humanitar elmlər, təbiət elmləri, tibb, mühəndis-texnologiyaları, pedaqoji, kənd təsərrüfatı var.

Xəbər lenti

Xəbər lenti