...

Bir neçə dil bilmək ağıl zəifliyinin qarşısını alır

Cəmiyyət Materials 18 Oktyabr 2011 12:46 (UTC +04:00)
Toronto Universitetinin kanadalı alimləri belə qənaətə gəliblər ki, xarici dil bilmək Altsheymer xəstəliyinin simptomlarının yaranmasının qarşısını ala bilər.
Bir neçə dil bilmək ağıl zəifliyinin qarşısını alır

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Toronto Universitetinin kanadalı alimləri belə qənaətə gəliblər ki, xarici dil bilmək Altsheymer xəstəliyinin simptomlarının yaranmasının qarşısını ala bilər. Trend-in məlumatına görə, bu barədə "Komsomolskaya pravda" qəzeti yazır.

Araşdırma zamanı kanadalılar xəstəliyin ilk simptomları aşkar olunan pasiyentləri tomoqrafik müayinədən keçiriblər. Təcrübənin bütün iştirakçıları eyni səviyyədə təhsilə və əsas vərdişlərin inkişaf səviyyəsinə malik olublar. Lakin onlardan yarısı bir neçə xarici dildə sərbəst danışan olub, yarısı isə qətiyyən heç bir xarici dil bilməyib.

Təcrübələr göstərib ki, xarici dillərə sahib olan pasiyentlərdə Altsheymer xəstəliyinin simptomları daha gec aşkara çıxıb. Bu onunla izah edilir ki, çox dil bilən adamlarda bir dildən digər dilə keçməklə beyin daim aktiv vəziyyətdə olur. Neyrodeqenerativ proseslərin başladığı belə adamların beyni ziyanı kompensasiya etmək üçün daha böyük imkanlara malik olur.

Xatırladaq ki, alimlər insanı Altsheymer xəstəliyinə düçar edən yeddi amili aşkar ediblər. Onların fikrincə, artıq çəki, yüksək qan təzyiqi, diabet, eləcə də depressiya və siqaret çəkmək ağıl zəifliyinin (demensiya) meydana çıxması riskini xeyli artırır. Bu xəstəliyin yaranmasında fiziki və əqli məşqlərin olmaması daha ciddi rol oynayır. San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri Debor Barns və Kristina Yaffe tərəfindən hazırlanan icmalda bildirilir ki, təhsilin aşağı səviyyəsi və əqli stimulyasiyanın olmaması da tez-tez bu xəstəliyin yaranmasına səbəb olur.

Xəbər lenti

Xəbər lenti