...

Azərbaycanda atmosferə zərərli maddələr atılması ilə bağlı avtonəqliyyat müəssisələri və sexləri cərimələnib

Cəmiyyət Materials 21 Oktyabr 2011 13:01 (UTC +04:00)
Azərbaycanda atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanan avtonəqliyyat müəssisələri və sexləri cərimələnib.
Azərbaycanda atmosferə zərərli maddələr atılması ilə bağlı avtonəqliyyat müəssisələri və sexləri cərimələnib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanan avtonəqliyyat müəssisələri və sexləri cərimələnib. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Növbəti "Təmiz hava" aylığı 2011-ci ilin avqust ayında ölkə ərazisində həyata keçirilib. Tədbirin keçirilməsinin məqsədi atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

"Təmiz hava" aylığı çərçivəsində nazirliyin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birlikdə Bakı şəhərində 29 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparıblar. Yoxlamaya cəlb olunmuş 755 avtomobildən 108-də atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub, 2 müəssisəyə 4155 manat məbləğində cərimə tətbiq olunub.

Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2976 avtomobildən 168 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

Aparılan araşdırmaların nəticəsi bir daha göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosferin avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir.

Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə, fərdi qaydada yoxlanılan 9772 avtomobildən atmosferi müəyyən olunmuş normadan artıq çirkləndirən 2020 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

"Təmiz hava" aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilib, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti