...

Gələn il Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Cəmiyyət Materials 31 Oktyabr 2011 17:55 (UTC +04:00)
2012-ci ildə Ukraynada Azərbaycan Mədəniyyət Günləri, 2013-cü ildə isə Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək.
Gələn il Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2012-ci ildə Ukraynada Azərbaycan Mədəniyyət Günləri, 2013-cü ildə isə Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə keçirdiyi görüşdə məlumat verib.

Qarayev bildirib ki, bu barədə razılıq oktyabrın 19-21-də Ukraynaya səfəri çərçivəsində Ukraynanın mədəniyyət naziri M.Kulinyakla görüşü zamanı əldə edilib.

Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Mişenko öz növbəsində 2012-ci il martın 2-də Ukrayna bəstəkarlarının əsərlərinin Azərbaycan orkestrinin ifasında səsləndirilməsi layihəsi üzərində iş getdiyini və bu məqsədlə Ukraynadan 5 dirijorun ölkəmizə təşrif buyuracağını nazirin diqqətinə çatdırıb. Səfir bu cür təşəbbüslərin gələcəkdə də həyata keçirilməsini müsbət hal kimi qiymətləndirib və bu layihəyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək verilməsini xahiş edib.

Görüş zamanı, həmçinin turizm sahəsində əməkdaşlıq məsələlərinə toxunulub və bir neçə konkret layihə və proqramlar müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti