...

Təhsil Nazirliyi məktəbdəki partlayışda tikinti şirkətini günahkar görmür

Cəmiyyət Materials 14 Noyabr 2011 16:48 (UTC +04:00)
Bakının Buzovna qəsəbəsindəki 234 saylı məktəbdə baş verən partlayışla bağlı hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Təhsil Nazirliyi məktəbdəki partlayışda tikinti şirkətini günahkar görmür

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Buzovna qəsəbəsindəki 234 saylı məktəbdə baş verən partlayışla bağlı hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, qaz xəttinin kənar müdaxilə nəticəsində zədələnməsi, yerin altından hansısa vasitə ilə məktəbə sızması bu hadisəyə səbəb olub.

"Nə məktəb rəhbərliyi tərəfindən, nə də hazırda orada tikinti aparan şirkət tərəfindən normalardan kənar qanun pozuntusuna yol verilməyib. Məktəbdə təmiri tam başa çatmamış sanitar qovşağa şagird icazəsiz daxil olub. Orada işləyən ustalardan birinin alışqanı pəncərədəymiş, o, alışqanı yandırıb. Sadəcə qazın ora haradan sızması müəmmalıdır. Məktəb binasında qaz yoxdur. Həmin məktəbin mərkəzləşdirilmiş istilik sistemi var. Qazın ora sızması belə bir hadisəyə gətirib çıxarıb. Biz şagirdin də vəziyyəti ilə maraqlanmışıq, vəziyyəti qənaətbəxşdir. Xoşbəxtlikdən ciddi xəsarət olmayıb", - nazir müavini deyib.

"Azəriqaz"ın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qurumun yaratdığı komissiyanın partlayışla bağlı apardığı araşdırmalar nəticəsində məlum olub ki, məktəbin kanalizasiya sistemi təmir edilərkən yeraltı qaz xətti zədələnib. Bunun nəticəsində yeraltı qaz xəttindən kanalizasiya xəttinə qaz sızıb. Kanalizasiya xətti vasitəsilə isə qaz məktəbin sanitar qovşağına dolub. Nəticədə də məktəbin sanitar qovşağında partlayış olub.

Noyabrın 11-də 234 saylı orta məktəbdə baş verən partlayış nəticəsində 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti