Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Mətbuat Şurasının sədri yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanıb.
Mətbuat Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 21-də Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub.
Xəstəxanın baş həkimi və yazıçı-jurnalisti əməliyyat edən həkimlərlə görüşən Şura sədrinə məlumat verilib ki, Rafiq Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi yoxdur.
Bu gün, həmçinin Mətbuat Şurası Rafiq Tağıya sui-qəsdlə bağlı Azərbaycanın Baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.