...

Jurnalistlər üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 28 Noyabr 2011 16:41 (UTC +04:00)
Nərimanov rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.
Jurnalistlər üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.

Fondun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi Nərimanov rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqə "Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçiriləcək.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazılar noyabrın 29-dan dekabrın 24-dək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qaliblərin adları dekabrın 31-dək elan olunacaq.

Xəbər lenti

Xəbər lenti