...

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 28 Dekabr 2011 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının çərşənbə günü növbəti iclası keçirilib.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının çərşənbə günü növbəti iclası keçirilib. Bu barədə Trend-ə Fonddan məlumat verilib.

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlər barədə məlumat verib.

Fondun icraçı direktoru Vüqar Səfərli əvvəlcə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2011-ci il noyabrın 19-dan dekabrın 20-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. Müsabiqənin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirildiyini xatırladan Vüqar Səfərli Fonda 76 yazının təqdim etdiyini, yazıların 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.

Sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış iki yazı qalib hesab edilib. Sonra Vüqar Səfərli Müşahidə Şurası üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirib. Müzakirələrin yekunu olaraq müsabiqənin nəticələri yekdilliklə təsdiq olunub.

Səfərli Fondun Nərimanov rayon İcra Hakimiyyəti ilə 2011-ci il noyabrın 29-dan dekabrın 24-dək keçirdiyi müsabiqəyə 25 yazının təqdim olunduğunu bildirib. Yazılar 3 ekspert tərəfindən müəyyənləşdirilib. Qiymətləndirilən yazılar Müşahidə Şurasının müzakirəsinə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilib, eyni zamanda, 5 nəfərə həvəsləndirici mükafatın verilməsi barədə qərar qəbul olunub.

Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra ikinci müsabiqənin də nəticələrini yekdilliklə təsdiq ediblər. İclasın sonunda hər iki müsabiqənin qaliblərinin 2011-ci il dekabrın 29-da keçiriləcək tədbirdə mükafatlandırılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti