...

Azərbaycanda magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 12 Yanvar 2012 11:42 (UTC +04:00)
2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları əvvəlkilərdən bir qədər fərqlidir.
Azərbaycanda magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

Azərbaycan, Bakı, 12 yanvar / Trend müxbir İ.İsabalayeva/

2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları əvvəlkilərdən bir qədər fərqlidir.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, indiyədək imtahanın I mərhələsi bitdikdən sonra onun nəticələrinə əsasən, bakalavrlar təhsil almaq istədikləri proqram, ixtisas və ali məktəbləri seçirdilər. Bu ildən isə magistraturaya qəbul imtahanlarının I mərhələsini uğurla keçən bakalavrlar II mərhəldən əvvəl yalnız proqramları seçəçəklər. Bakalavrlar ixtisas və ali məktəblərin adlarını isə hər iki mərhələnin nəticələri məlum olduqdan sonra seçəcəklər.

Babayev deyib ki, həmişə olduğu kimi, bu il də qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu isə yoxlanılacaq.

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək).

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti