Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzv statuslu Azərbaycan Turizm İnstitutu ölkəmizi yanvar 17-də İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək Turizm Xidmətlərinin Forumu və FİTUR Beynəlxalq Turizm Sərgisində təmsil edəcək.
İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, forum "Turizm iqtisadi inkişaf və məşğuliyyətin aparıcı qüvvəsi kimi: rəqabət qabiliyyətinin aparılması siyasəti" mövzusuna həsr olunacaq. Forumda dünyanın onlarla nüfuzlu və aparıcı təşkilatının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirdə Azərbaycanı ATİ-nin rektoru Cəfər Cəfərov təmsil edəcək.
Azərbaycan nümayəndə heyətinin səfər proqramında yanvarın 18-dən 22-dək fəaliyyət göstərəcək FİTUR Beynəlxalq Turizm Sərgisində iştirakı, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının nümayəndələri, İspaniyanın aparıcı turizm müəssisələrinin və Turizmin Keyfiyyəti İnstitutunun rəhbərləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.