...

Azərbaycanda yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaşayan insanların nəzərinə

Cəmiyyət Materials 24 Yanvar 2012 11:48 (UTC +04:00)
Yüksək gərginlikli elektrik xətləri ətrafa elektromaqnit dalğaları buraxdığı üçün onların yaxınlığında yaşayış məntəqələrinin salınması düzgün hesab edilmir.
Azərbaycanda yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaşayan insanların nəzərinə

Azərbaycan, Bakı, 24 yanvar / Trend müxbir İ.İsabalayeva/

Yüksək gərginlikli elektrik xətləri ətrafa elektromaqnit dalğaları buraxdığı üçün onların yaxınlığında yaşayış məntəqələrinin salınması düzgün hesab edilmir.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov çərşənbə axşamı Trend-ə bildirib ki, gərginliyi 380 kV-dan yuxarı olan xətlər yüksək gərginlikli xətlər hesab olunur. Bu xətlərin elektromaqnit dalğalarının təsiri 100 metrədək ərazidə hiss edilir. Həmin ərazidə elektromaqnit xarakterli elektrik sahəsi olur.

Qəribovun sözlərinə görə, həmin elektrik sahəsi ərazidə yaşayan insanların sağlamlığına ciddi ziyan vurur. Bu dalğaların təsiri nəticəsində insanlarda ilk növbədə əsəb sistemi pozulur ki, bu da sonradan bir çox xəstəliklərin baş verməsinə şərait yaradır.

"Çox tez-tez deyilir ki, bu gün meteohəssas insanlar üçün yaxşı gün deyil. Çünki həmin günlərdə yerin elektromaqnit dalğalarının təsir gücü artır. Həmin günlərdə də ürəyi xəstə olan insanların səhhətində ciddi problemlər yaranır. Eyni vəziyyətlə elektrik sahəsinin yarandığı ərazilərdəki evlərdə yaşayan insanlar da rastlaşırlar", - Qəribov qeyd edib.

O bildirib ki, ərazidəki elektromaqnit dalğalarının təsirini uşaq və gənclər ilkin mərhələdə hiss etməyə bilərlər. Bu dalğaların mənfi təsirləri ilə yaşı 40-45-dən yuxarı olan insanlar daha çox üzləşirlər.

Qəribovun dediyinə görə, keçmiş Sovet İttifaqında yüksək gərginlikli kabellərin ətrafında 100 metrlik sanitar müdafiə zonası var idi. Azərbaycanın da o dövrdən qalma normativ sənədlərində bu məsələ qüvvədə qalsa da, ona indi riayət edilmir.

İnstitut direktoru bildirib ki, beynəlxalq standartlar və normalar da belə ərazilərdə yaşayış məntəqələrinin salınmasına icazə vermir. Amma Azərbaycanda bir sıra səlahiyyətli şəxslər öz maraqlarını üstün tutaraq həmin ərazidə evlərin tikilməsinə imkan veriblər. Nəticədə də bu gün yüksək gərginlikli xətlərin altında minlərlə evlər tikilib.

Xəbər lenti

Xəbər lenti